Milli.Az "Sənət və onun ətrafındakı söhbətlər" layihəsinə start verir. Bu layihədə teatr və kino xadimlərinin yaradıcılıq fəaliyyətlərində təkan və maneə səciyyəsində olan məqamlardan bəhs edəcəyik. Öz növbəsində belə məqamları onların bir yaradıcı şəxs kimi simalarının daha dolğun təqdimatında təkan, şəxsiyyətlərinin və sənətkarlıqlarının yanlış çərçivəyə salınmasında isə maneə kimi səciyyələndirmək olar.

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Hicran Nəsirova:

"Aktrisa olmaq ağlıma batandan xeyli əvvəl müğənniliyə çox böyük həvəsim var idi. Uşaqlıqda Zeynəb Xanlarovanın, Oqtay Ağayevin, Flora Kərimovanın, Elmira Rəhimovanın bütün mahnılarını əzbər bilirdim. Evin böyük qızı idim, ev işləri ilə məşğul ola-ola mahnı oxuyurdum. Özümü həmişə müğənni kimi təsəvvür edirdim. 10-cu sinifdə olanda Yevgeni Matveyevin kursuna tələbə toplayanda məni də seçdilər, təəssüf ki, üçüncü turdan keçmədim, amma o hadisə aktrisa olmağıma təkan oldu... İkinci kursa qədər bizim müəllimimiz Adil İsgəndərov olub. O, mənə adamın gözünün içinə dik baxmağı öyrətdi. Nə qədər deyirdi ki, sən aktrisa olmaq istəyirsənsə, tərəf-müqabilinin gözünün içinə baxmalısan, amma mən özümlə bacarmırdım, çox utancaq idim. Təsəvvür edin ki, atasının gözünün içinə dik baxmağa adət eləməmiş bir qızdan indi belə vərdiş tələb olunurdu. Nəhayət, bir dəfə Adil müəllim dedi ki, sənin mənim yanımda bir əskik işin var ki, gözümün içinə baxa bilmirsən? Bunu deyəndə diksindim, başımı qaldırıb düz gözünün içinə baxdım və daha ondan sonra həyatda, səhnədə, kamera qarşısında ünsiyyətdə olduğum hər kəslə özümü belə aparmağa adət etdim.

Kamera qarşısındakı, yəni televiziya tamaşalarındakı təcrübəm isə teatrdan əvvəl başlayıb. Televiziyada Hafiz Baxışın "Nəğməli sətirlər" verişində Ələkbər Tağıyev məni görüb xəbər yollamışdı ki, o qızın yaxşı səsi var, göndər, məşğul olaq onunla. Amma evdə mənim səhnə karyerasını seçməyimin qəti əleyhinə idilər. Aktrisalıqda oxumağımı da sonradan biliblər. Hətta anam üç dəfə instituta gəlib məni çıxartdırmaq istəmişdi. Rektor birtəhər yola gətirmişdi onu. Evdə belə qadağalar olduğu üçün hər addımımı ölçüb-biçirdim, ona görə Ələkbər Tağıyevin təklifini qəbul eləməyə ürək eləməmişdim. Üstəlik, dediyim kimi, utancaq idim. Utancaqlığıma aid haşiyəyə çıxıb daha bir situasiya da danışım. Tariyel Vəliyev O`Henrinin "Son yarpaq" hekayəsini səhnələşdirəndə demişdi ki, sənə gecə köynəyi lazım olacaq. Mən də fikirləşmişdim ki, üstümə işıq salınanda adi gecə köynəyi şəffaf olduğu üçün bədənimin silueti görünəcək. Ona görə bir gecəyə özüm üçün pamazı parçadan gecə köynəyi tikmişdim. Teletamaşanın çəkiliş heyəti bunu görəndə çox təəccüblənmişdi. Bununla belə yenə də utanırdım ki, hər necə də olmasa gecə köynəyidir, üstəlik bu boyda auditoriyanın qarşısında yatağa uzanmalıyam.

"Tədris Teatrındakı fəaliyyətim, teatrın rəhbəri rəhmətlik Vaqif İbrahimoğlu ilə işlədiyim dövr isə yaradıcılığımın ən önəmli səhifələrindən biridir. Xüsusən onun Ekzüperinin "Balaca şahzadə" əsəri əsasında hazırladığı "Təskinlik verməyi unutmayın!.." tamaşası nəinki teatr, tam bir mədəniyyət hadisəsi idi. Nə ondan əvvəl, nə də ondan sonra o əsər teatrda tamaşaya qoyulub. Hətta Rusiyada da səhv eləmirəmsə, yalnız bir dəfə qoyulub, balaca şahzadə obrazını Alisa Freyndlix oynayıb. Bizim tamaşa 3 saat gedirdi, bütün o müddət ərzində tərəf-müqabillərimdən fərqli olaraq, mən fasiləsiz səhnədə olurdum. O tamaşaya baxanların təəssüratı birmənalı şəkildə o qədər kövrək idi ki, tamaşadan sonra heç kim danışa bilmirdi, hamını qəhər boğurdu. Hətta Moskvadan gəlmiş teatrdan yazan jurnalist də məqaləni dərhal hazırlaya bilməmişdi - o dərəcədə təsirli, insanın dərin hisslərini oyadan tamaşa idi. Özü də Vaqif müəllim tamaşanı elə qurmuşdu ki, tamaşa zalından foyeyə qədər şamlar düzülmüşdü, tamaşaçılar o şamların işığında zalı tərk edirdilər. Heyf ki, videoyazısı qalmayıb".

Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev:

"Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində üç il oxuyandan sonra İncəsənət İnstitutuna daxil olmuşdum. Səhnə danışığı müəllimimiz Müxlis Cənizadə idi. Mənə qarşı çox tələbkar idi, çox incidirdi məni. Hətta bir dəfə xəstə yatanda onu yoluxmağa getmişdik, tələbə yoldaşlarımın da yanında dedi ki, səni çox incitmişəm, kursumuzun uşaqlarına müraciətlə də dedi ki, məni bağışlayın, amma yeganə olaraq Yasinə ümid edirdim ki, olsa-olsa o, aktyor olacaq. Doğrudan da, belə də oldu - bizim kursdan bir mən aktyor oldum, bir də bir nəfər kurs yoldaşım "Muskomediya"nın aktyoru oldu, artıq rəhmətə gedib. Müxlis Cənizadənin ruhuna çox borcluyam. Müxlis Cənizadəni Kazım Ziya yetişdirmişdi. Müxlis Cənizadə isə Həsən Əblucu yetişdirdi. Nə isə, Müxlis Cənizadə xəstələnəndən işə çıxa bilmədiyi üçün imtahanı götürməyi Həsən Əbluca tapşırmışdı. O da mənə "5" yazdı. Özü də dedi ki, bu "5"i mən yazmıram, Müxlis müəllim deyib ki, Yasinə "5" yaz. Sonra Həsən Əbluc bizim teatrda tamaşalar qoymağa başladı və hər tamaşada da baş rolu mənə verirdi. "Sağlıq olsun" tamaşasında məni görəndən sonra İsi Məlikzadə "Gəl qohum olaq" pyesini yazdı. O personajın adını ona görə Qarakişi qoymuşdu ki, mənim soyadın Qarayevdir, ana tərəfim Ağcabədinin Qaradolaq kəndindəndir. Bu pyesi teatra təqdim etsə də, bəzi qeyri-obyektiv səbəblərdən pyes tamaşaya qoyulmadı. Gəncə Teatrında, Şəmkir Xalq Teatrında, Ağdam Dram Teatrında hazırlanandan sonra nəhayət 82-ci ildə özüm bu teatrın səhnəsində teatrımızın aktyoru Rafiq Hüseynovla birlikdə tamaşaya qoydum. Qarakişinin istədiyi qızın yeznəsini oynayan aktyor Niyazi Əhmədov şəkili idi. Şəmkirdə böyüdüyümə görə ona Gəncə ləhcəsini mən öyrətmişdim. "Gəl dana, bə nədi?" kəlmələri ilə məhdudlaşmağı məsləhət görmüşdüm ki, tamaşaçıları ləhcə ilə bezdirməyək.

Beləliklə, "Gəl qohum olaq" tamaşası 18 il bu teatrın "çörək ağacı" oldu. Teatrın planı doldurmaq problemi yaranan kimi bu tamaşa ilə vəziyyətdən çıxırdıq. Sonra Məhərrəm Bədirzadəyə dedim ki, İsi Məlikzadə bu pyesin televersiyasının da hazırlanmasını istəyirdi, gəl hazırlayaq. Dedi, məmnuniyyətlə, amma sənin saçın ağarıb, artıq Qarakişi rolunu oynaya bilməzsən. Dedim, mən taparam Qarakişini. Birdən yadıma Rafael İsgəndərov düşdü. Yeri gəlmişkən, onun da əsli Ağcabədidəndir. Rafaellə 3 ay məşq edib onun daxili ritmini tarazlamışam. Bu elə bir roldur ki, ortabab aktyorun ifasında da yaxşı alınar, çünki bu pyes söz, vəziyyət komediyasıdır".

Kinoaktyor, əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, dosent Ötkəm İsgəndərovla söhbətləşirik.

Aktyorun özü üçün doğma, sevimli film olsa da, qavrama dövrü baxımından indi o qədər də aktual qəbul edilməyən, hətta "boz" filmlər sırasına aid edilən "Cin mikrorayonda" filminin ssenari müəllifi Eldəniz Quliyev Rüstəm rolunu Ötkəm İsgəndərov üçün yazsa da, quruluşçu rejissor baş rola Fərhad Yusifovu çəkmək istəyirmiş. Amma Bədii Şuranın 10 nəfər üzvü Ötkəm İsgəndərovun namizədliyini təsdiq edib. Ötkəm müəllim hələ Moskvadakı təhsil illərində rastlaşdığı Fərhad Yusifovu ünsiyyəti sevməyən insan kimi xatırlayır. Aktyor Milli.Az-ın əməkdaşı ilə söhbət zamanı bildirdi ki, "Cin mikrorayonda" filmində Cini oynayan əslən Cənubi Azərbaycandan olan aktyorun, Rəşid Mahmudzadənin, əslində heç bir aktyorluq təhsili yoxdu. Rejissorlar onun sırf fitri istedadına güvəniblər. Cin roluna Valeri Leontyevi, Nikolay Karaçentsevi dəvət etmək ehtimalı olsa da, Rəşid Mahmudzadə rejissorun tələblərinə tam cavab verdiyi üçün bu rola təsdiq olunub. Rəşid Mahmudzadə ötən əsrin 90-cı illərində Almaniyaya köçüb.

Ö.İsgəndərov: "O vaxt da, indi də bəzi rejissorlar öz aktyorlarımızın müstəsna istedadını, bacarığını açmaq əvəzinə kənardan aktyor dəvət eləməyə, onların təmtəraqlı adının, oturuşmuş oyun, ifa tərzinin arxasında gizlənməyə üstünlük verirlər. Halbuki bu cəhətdən örnək olacaq rejissorlarımız da var. Məsələn, Həsən Seyidbəyli məhz belə rejissorlardan idi".

Həmsöhbətimiz aktyorluq taleyində baş verən qəribəliklərdən də danışdı. Məlum oldu ki, adlarını çəkmək istəmədiyi bir neçə filmdə çəkilməyə təsdiq olunsa da, çəkilişə gələndə onun yerinə rəhbərliyin başqa bir aktyoru seçdiyini bildiriblər. Aktyor daha bir haşiyəyə çıxaraq "VGİK"də oxuduğu illərdə M.Qorki adına kinostudiyada istehsal olunan "Naqqal" ("Баламут") adlı filmlə bağlı bir məqamı da danışdı:

"O filmin ssenarisində, qeyd edim ki, bu, Sergey Bodrovun ssenari müəllifi kimi ilk işi idi, Maqsud adlı azərbaycanlı obrazı da var idi. O rola çəkilmək üçün bir neçə respublikadan, o cümlədən Azərbaycandan da müxtəlif aktyorlar dəvət etmişdilər. Amma quruluşçu rejissor Vladimir Roqovoy oyunumu bəyəndiyi üçün həmin rola mən təsdiq olundum. Onu da deyim ki, həmin vaxta qədər sovet kinosunda azərbaycanlı obrazını azərbaycanlı aktyorlardan başqa bir sıra digər millətlərdən olan aktyorlar oynamışdılar. Və məhz "Naqqal" filmində azərbaycanlı obrazını canlandıran ilk azərbaycanlı aktyor mən oldum. Öz tapıntılarımla obrazın xarakterini açdım. Bu, Azərbaycandan Rusiyaya guya təhsil almağa getmiş, əslində isə qohum-əqrəbası dalında dayanan, onun təhsili ilə bağlı bütün məsələləri, problemləri pulla həll etməyə vərdiş etmiş bir ailənin nümayəndəsinin obrazı idi. Real mənzərə buna çox yaxın idi - Moskvaya oxumağa göndərilənlərin əksəriyyəti o təhsilə heç bir marağı olmayan, sadəcə nüfuz xatirinə gedən "zavmaq"ların, prokurorların uşaqları idi. Amma belə bir rolu oynadığıma görə Bakıdakı yüksək dairələrdən zərbələr aldım. Səbəb də onu görürdülər ki, o cür rolu ekranda canlandırmaqla millətin adına guya ləkə vururam. Elə bu damğa ilə də kinostudiyanın o vaxtkı direktoru düz yeddi filmdə çəkilməyimə qadağa qoymuşdu. Yalnız Dövlət Kino Komitəsinin sədri "Naqqal" filminə baxıb tərifləyəndən sonra bizimkilər də mənim rolum haqqında müsbət rəy vermişdilər".

Samirə Behbudqızı

Milli.Az