Tokio, 4 sentyabr, AZƏRTAC
Yaponiya Rusiya xarici işlər nazirinin müavini İqor Morqulovun “Kuril problemi” ilə bağlı bəyanatına etirazını bildirib. Bu barədə avqustun 4-də Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Fumio Kişida məlumat verib.
Avqustun 3-də Rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Kuril adaları ilə bağlı məsələ “70 il bundan əvvəl” həll edilib və “Tokio ilə “Kuril problemi” mövzusunda heç bir dialoq aparılmır”.
Kyodo informasiya agentliyinin yaydığı məlumata görə, F.Kişida deyib: “Bu bəyanat qeyri-konstruktivdir və həqiqətə ziddir. Yaponiya-Rusiya münasibətlərinin gələcək inkişafı üçün belə açıq diskussiyanın deyil, əksinə, konstruktiv dialoqun aparılması daha məqsədəuyğun olardı”.
Avqustun 5-də Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Hacime Hayaşi Rusiyanın Tokiodakı səfiri Yevgeni Afanasyevə etiraz notasını təqdim edərək bildirib ki, “belə ifadələr qəbuledilməzdir”.
Yaponiya ikitərəfli sərhədlərdə ticarət barədə Traktata əsasən İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddialıdır. Rəsmi Tokio həmin adaların qaytarılmasını II Dünya müharibəsindən sonra Rusiya ilə sülh müqaviləsinin imzalanması üçün əsas şərt hesab edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio