Şəmkir, 5 sentyabr, AZƏRTAC
Şəmkirdə 2500-çox sakini olan və “hərbi şəhərcik” adlandırılan köhnə yaşayış məhəlləsində abadlıq və yenidənqurma işləri həyata keçirilir. Qısa vaxt ərzində məhəllənin Naxçıvan, Məhəmməd Füzuli, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə küçələrində geniş abadlıq işləri aparılıb və sakinlərin rahatlığı təmin edilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev AZƏRTAC-ın müxbirinə deyib ki, Dövlət Proqramı çərçivəsində məhəllənin qaz, su və elektrik infrastrukturu yenidən qurulduqdan sonra burada abadlıq və quruculuq işlərinə başlanılıb. Yaşayış məntəqəsindəki çoxmərtəbəli binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir inşaat materialları ilə üzlənib. Mənzillər mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. İstifadəyə yararsız vəziyyətdə olan mərasim evi təmir olunub.
Hazırda ərazidə yaşıllıq zonaları salınır, piyada yollarına bardürlər düzülür, səkilərə tamet döşənir. Bundan başqa, bir neçə yerdə istirahət mərkəzləri yaradılır, məhəllədaxili yolların asvaltlanması işləri həyata keçirilir. Artıq yolların yarıdan çoxunda bu iş başa çatdırılıb.
Sakinlər görülən bu işlərə görə dövlətimizin başçısına minnətdarlıq edərək, razılıqlarını bildirirlər.