Bir neçə gün əvvəl Milli.Az saytında dərc olunmuş "Tovuzdan Bakıya çatan soraq: "Zülm çəkirik"" sərlövhəli yazı artıq öz nəticəsini göstərib.
İki ildir həllini tapmayan problem sözügedən yazıdan sonra 2 günə həll edilib.
Rayonun Aşağı Quşçu kəndinin sakinləri Milli.Az-a müraciət edərək işıqsız qalmaları və bunun səbəbini "Azərişığın" biganəliyində görmüşdülər. Şikayətdə deyilirdi ki, kəndin yuxarı hissəsində olan transformator iki ildir təmirə aparılıb. İşıqları isə başqa transformatora qoşulub. Ona görə də, işıqları közərir, elektrik avadanlıqları işləmir.
"İşıq sarıdan zülm çəkirik. Xahiş edirik ki, bizə, kənd sakinlərinə kömək edəsiniz. Şikayətimizi, problemimizi əlaqədar təşkilatlara çatdırasınız. Bəlkə bundan sonra transformatorumuzu təmir edələr və biz də işıqdan normal istifadə edək. Problemimiz tək transformatorla bitmir ki. İşıq dirəkləri kəndə elektrik xətti çəkiləndə qoyulub. Hamısı bərbad vəziyyətdədir", - deyə sakinlər yazmışdılar.
"Azərişığ"ın Tovuz rayonu üzrə rəhbəri Zöhrab Paşayev Milli.Az-a açıqlamasında bildirmişdi ki, xarab transformator təmir üçün Gəncəyə, oradan isə Bakıya göndərilib. Qısa zamanda problemin həll ediləcəyini söz vermişdi.
Bu gün kənd sakinləri Milli.Az-a bildirdilər ki, problem artıq həll olunub: "Bizim problemimiz saytınızda işıqlanandan iki gün sanra transformatoru gətirib quraşdırdılar. Deputatımız İlyas İsmayılov olsa da, onun üzünü görmürük. Onun ancaq adı var. Millət vəkilimizin işini Milli.Az gördü".
Anar Məmmədov
Milli.Az



