Tehran, 10 sentyabr, AZƏRTAC
İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxaniməşhur Azərbaycanın Xalq Artisti, tanınmış kamança ustası Habil Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Əli Muradxani deyib: "Tanınmış kamança ifaçısı Habil Əliyevin ölüm xəbərini eşitdik. Habil Əliyev musiqi sahəsində öz yaradıcılığı ilə sənət dünyasında həmişə yaddaşlarda qalacaq. O öz dəyərli yaradıcılığı ilə dünyanın bir çox ölkələrində, o cümlədən İranda musiqi xadimləri, sənət ustaları və xalq tərəfindən sevilirdi. Habil Əliyev təkcə Azərbaycanda deyil, həm də İranda hörmətli və sevilən bir sənət adamı kimi tanınırdı. Onun sənəti İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında və yaxınlaşmasında təsiredici rola malik idi. Mən bu dahi sənətkarın ölümünü bütün sənət aləminə, xüsusi ilə Azərbaycan xalqına böyük itki hesab edirəm. Bununla bağlı dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran