Bakı, 11 sentyabr, Flora Şükürova, AZƏRTAC
Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin bu sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların ölkəmizdə aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi, ekspert rəylərinin toplanması məqsədini daşıyır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada özünün tolerantlığı və mədəniyyətlərarası dialoqun inkişafında göstərdiyi xidmətləri ilə tanınır: “Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət, anlayışlı əməkdaşlıq üzərində dialoqu təşviq edən qlobal, xoşməramlı missiyaya və platformaya çevrilib. Aparılan məqsədyönlü işlər, habelə ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı nəticəsində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliği dövlət siyasətinin əsas tərkib hissələrindən biri səviyyəsinə yüksəlib”. Nazir müavini vurğulayıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunması, dövlət-din münasibətləri, yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur.
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof Ba çıxış edərək Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafında oynadığı xüsusi roldan danışdılar. Bildirilib ki, mədəniyyətlərarası dialoqa göstərilən bu cür müsbət münasibət bir çox ölkələr üçün nümunə ola bilər.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Yusubəliyev qeyd edib ki, bu tədbirin məhz 11 sentyabr tarixində keçirilməsi rəmzi məna daşıyır və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında tutduğu mövqenin bir mesaji kimi qəbul edilməlidir. Vurğulanıb ki, tolerantlıq Azərbaycanda təkcə dövlət siyasəti deyil, bu, həmçinin xalqımızın əsrlər boyu formalaşmış xarakteridir.
Daha sonra “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, müsabiqə 3 kateqoriyada (alimlər, tələbələr və kollektiv araşdırmalar) keçirilib. “Alim və tədqiqatçılar” nominasiyasında birinci yerə Yusif Ağayev, ikinci yerə Niyaz Niftiyev, üçüncü yerə Əlimusa İbrahimov layiq görülüb. Mehti Mükərrəm isə həvəsləndirici mükafata sahib olub. “Tələbələr” nominasiyasında I yerə Samirə Dadaşova, II yerə Nərmin Əsgərova, üçüncü yerə Yusif Ağayev, həvəsləndirici mükafata isə Fərid Abdullayev layiq görülüb. “Kollektiv yazılar” nominasiyasında Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrası birinci, psixologiya üzrə elmlər doktoru Ramiz Əliyev və psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı ikinci yeri tutublar.
Qaliblərə diplom və pul mükafatları təqdim edilib.
