Bakı, 14 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycan Bəstəkarlar İttifaqından (ABİ) AZƏRTAC-a bildiriblər ki, bəstəkarın 130 illiyi ABİ tərəfindən də silsilə tədbirlərlə qeyd olunur.
Belə ki, festival çərçivəsində sentyabrın 22-də dahi bəstəkara həsr edilmiş elmi-musiqili konfrans, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Qafarovanın Macarıstanda Üzeyir Hacıbəyli haqqında macar dilində nəşr edilmiş kitabının təqdimatı keçiriləcək.
Konfransda Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarovanın "Azərbaycan Bəstəkarlar İttifaqının təşəkkülündə Üzeyir Hacıbəylinin rolu", AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədovanın "Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin opera quruluşlarının premyeralarında", sənətşünaslıq doktoru, professor Cəmilə Həsənovanın "Üzeyir Hacıbəyli və muğam sənəti", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadənin "Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında", bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın "Üzeyir Hacıbəyli dünya klassik musiqisinin islahatçı bəstəkarı kimi", Bakı Musiqi Akademiyasının doktorantı Ayxan Əfəndiyevin "Ü.Hacıbəylinin əsərlərinin orkestr dilinin xüsusiyyətləri" mövzularında məruzələri dinləniləcək.
Sentyabrın 23-də böyük bəstəkar, simfonik janrın banisi, Ü.Hacıbəylinin məsləkdaşı və dostu Müslüm Maqomayevin 130 illiyinə həsr edilmiş elmi-musiqili konfrans keçiriləcək. Konfransda əməkdar incəsənət xadimi Xəcər Babayeva "Məsləkdaş dostlar", Azərbaycanın Xalq Artisti, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev "M. Maqomayevin "Şah İsmayıl" operasının quruluşları haqqında", sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent Aida Hüseynova "Müslüm Maqomayev üslubunun cəhətləri", sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səfərova "Müslüm Maqomayev – zamanın pərdəsini aralamış bəstəkar" mövzularında məruzələrlə çıxış edəcəklər.
Sentyabrın 25-də Bəstəkarlar İttifaqının salonunda beynəlxalq müsabiqələrin laureatlarının konserti olacaq. Konsertdə Ü.Hacıbəylinin və M. Maqomayevin əsərləri səslənəcək.