Qax, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni dərs ilinin başlanması münasibətilə sentyabrın 15-də Qax rayonunun ümumtəhsil məktəblərində ilk zəng mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, 2015-2016-cı dərs ilində rayonun 54 ümumtəhsil məktəbində 7 minə yaxın şagird təhsil alacaq. Onlardan 668 nəfəri birinci sinif şagirdləridir. Təhsil ocaqlarında yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb, məktəb binalarında cari təmir işləri aparılıb, zəruri inventar və avadanlıqla təchiz edilib. Dərs ili ərəfəsində bölgü əsasında məktəblərə 140 adda 19025 ədəd dərslik paylanılıb.
Rayonun rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk zəng mərasimlərində çıxış edənlər məktəb kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Sonra yeni dərs ilinin başlandığını bildirən ilk zəng səslənib və şagirdlər uzun sürən yay tətili günlərindən sonra yenidən məktəb partası arxasına keçiblər.
Qax rayonunda 670 nəfərə yaxın uşaq birinci sinfə qədəm qoyub