[ 16 Sentyabr 2015 15:23 ]


Bakı. Türbət Bağırova - APA. Rusiyanın ATƏT-dəki nümayəndəliyi təşkilatın Daimi Şurasının növbəti iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iş metodologiyası ilə bağlı məsələ qaldırmağa hazırlaşır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O xatırladıb ki, Azərbaycan hökuməti təklif olunan müşahidəçilərin sayının çox olduğunu əsas gətirərək öz variantını təklif edib: “Lakin DTİHB barışmaz mövqe tutdu və nəticədə Azərbaycandakı seçkilərin monitorinqini ləğv etdi. Ona görə də Daimi Şurada ATƏT-in bu institutunun elektoral sferada iş metodologiyası ilə bağlı ciddi söhbət aparılacaq”.

Qeyd edək ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb.