Goranboy, 18 sentyabr, AZƏRTAC
Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Goranboy rayonunda vətəndaşlarla növbəti görüş keçirib.
Qəbulda Goranboyla yanaşı, Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Bərdə və Tərtər sakinləri iştirak ediblər. Sakinlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Vətəndaşların bəziləri isə ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının ödənilməsində yaranmış problemlərlə bağlı müraciət ediblər.
Qaldırılan bir çox məsələlər öz həllini yerindəcə tapıb. Bir sıra müraciətlər araşdırılması məqsədilə nəzarətə götürülüb. TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara çatdırılması üçün qeydiyyata alınıb.