Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə milli kinematoqrafiyaya dəstək aksiyası çərçivəsində "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Xalq Yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş Üzeyir Hacıbəylinin həyat və yaradıcılıqından bəhs edən "Uzun ömrün akkordları: Üzeyir ömrü" filminin nümayişi keçirilib.
Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağın daha da artırılmasıdır.
May ayında başlamış aksiyanın sentyabrın sonunadək davam etməsi nəzərdə tutulur. Həmçinin, "ASAN xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Keçiriləçək növbəti tədbirin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən əldə etmək mümkündür.