Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnoz və müalicə metodları” mövzusunda IX Beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya və Perinatologiynın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə təşkil edilib.
Konfransın sədri, Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Cəmilə Qurbanova qeyd edib ki, müasir təbabətin ən vacib problemlərindən biri hamilə vaxtı qadının sağlamlığı, xəstəliklərin diaqnostikası və profilaktikasıdır.
Konfransda “Baku MedicalPlaza” klinikasının mama-ginekoloqu, tibb elmləri doktoru Vəfa Qurbanovanın “Rezus-immunizasiyanın profilaktikası”, mamalıq və neonatologiyada genetik pozulmaların skrininqi sahəsində rusiyalı mütəxəssis, tibb elmləri namizədi Vyaçeslav Mitkin və başqalarının məruzələri dinlənilib.
Bununla yanaşı, yerli mütəxəssislər xarici həmkarlarına son praktik araşdırmaları barədə məlumat veriblər.