Ağcabədi, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları əvvəlcə Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Tədbirdə çıxış edən ansamblın bədii rəhbəri, Xalq Artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva Ü.Hacıbəylinin şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Azərbaycan musiqi sənətinin inkişafı Ü.Hacıbəylinin adı ilə qırılmaz tellərlə bağlıdır. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. Böyük bəstəkar Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəylinin taleyində ən möhtəşəm səhifələrdən biri də Azərbaycanın Dövlət Himninin müəllifi olmasıdır. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında, idman yarışlarında ucalır, səhərlərimiz, bütün tədbirlərimiz himnimizlə başlayır.
Ü.Hacıbəyli həmçinin felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb və beləliklə, böyük Üzeyir dünyası yaradıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin, Hacıbədəlli kənd uşaq musiqi məktəbinin və Qarabağ Muğam Mərkəzi ifaçılarının təqdimatında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. İfa olunan muğam və mahnılar, rəqslər, “Leyli və Məcnun” operasından, “Arşın mal alan” operettasından parçalar və sair musiqi nömrələri ağcabədili musiqisevərlərin marağına səbəb olub.



