Bakı, 22 sentyabr, AZƏRTAC
Filippinin cənubundakı Samal adasında yerləşən kurortda aralarında üç xarici vətəndaşın da olduğu dörd nəfər silahlı şəxslər tərəfindən qaçırılıb. Bu barədə silahlı qüvvələrin yaydığı məlumatda bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qaçırılanlar iki kanadalı turist, Norveç və Fillipin vətəndaşlarıdır. Onların axtarışına üç hərbi gəmi cəlb olunub.
Hadisənin məsuliyyətini heç bir terrorçu təşkilat üzərinə götürməsə də, yerli hökumət "Əbu Səyyaf" qruplaşmasından şübhələnir. "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda fəaliyyət göstərir. Tərəfdarlarının az olmasına baxmayaraq, o, arxipelaqda ən radikal üsyançı qruplaşma hesab olunur.