Bakı, 23 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında növbəti konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Ü.Hacıbəylinin "Arazbari", M.Mirzəyevin "Böyük ustada ithaf", B.Kıdırbekin "Türk akademik musiqisinin banisi" (əsər Ü.Hacıbəylinin 130 illiyinə həsr olunub) və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.