Gəncə, 28 sentyabr, AZƏRTAC
Gəncədə keçiriləcək növbəti əmək yarmarkası noyabrın 18-nə təyin olunub.
Gəncə şəhər məşğulluq mərkəzinin direktoru Abil Tağıyev AZƏRTAC-a deyib ki, keçən il keçirilən əmək yarmarkasında təklif olunan 300 vakant iş yerinə 1000 nəfərə yaxın işaxtaran müraciət etmişdi və onlardan 142 nəfəri daimi işlə təmin olunmuşdu. Növbəti yarmarkaya isə 30-dan artıq idarə, müəssisə və təşkilatdan 350 boş iş yerinin çıxarılması nəzərdə tutulub.
Mərkəzin rəhbəri onu da diqqətə çatdırıb ki, cari ilin ötən dövründə şəhər məşğulluq mərkəzinə, ümumilikdə, 736 nəfər müraciət edib və onlardan 313 nəfəri işlə təmin olunub. Bundan başqa 40 nəfər peşə hazırlığına cəlb edilib.