Mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib
13:13 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Görüşdən əvvəl nazir mərkəzin qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb. Sonra Əbülfəs Qarayev mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Lənkərandan qəbula yazılan vətəndaşlar şəhərdə beynəlxalq çay festivalının təşkili, kənd kitabxana işçiləri üçün informasiya texnologiyaları üzrə treninqlərin keçirilməsi, turizm sahəsində əhalinin informasiya tələbatının ödənilməsi və ölkənin turizm potensialının tanıdılması məqsədilə mobil proqram təminatının hazırlanması, dövlət qeydiyyatına alınmış Dairəvi qalada təmir-bərpa işlərinin aparılması ilə bağlı müraciətlər ediblər.
Masallı sakinlərinin müraciətləri rayonda muğam kurslarının açılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ixtisaslı kadrların göndərilməsi, Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsində təmsil olunan regionların özfəaliyyət kollektivlərinin yekun konsertinin keçirilməsi, eləcə də rayonun Müyankü kəndindəki XIX əsrə aid hamamın bərpası və Hiskədərə kəndində yeni tikilən tarix-diyarşünaslıq muzeyinin tərtibatına köməklik edilməsi barədə olub.
Astara rayonundan qəbula gələn vətəndaşlar rayon mərkəzində və kəndlərdə "kafe-kitabxana" tipli pilot layihənin həyata keçirilməsi, mədəniyyət sahəsi üzrə işçilərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada təşkili barədə təkliflərini diqqətə çatdırıblar. Həmçinin rayon mədəniyyət mərkəzinin baletmeysteri, Əməkdar Mədəniyyət İşçisi Cəbrayıl Əliyevin 70 illik yubileyinin keçirilməsini xahiş ediblər.
Cəlilabad sakinlərinin xahiş və müraciətləri rayondakı Xalq teatrının qastrol səfərlərinin təşkili, Rəsm Qalereyasının yeni binaya köçürülməsi, bölgədə turizmin inkişafı, Göytəpə şəhərindəki qədim kilsənin təmir-bərpa edilməsi barədə olub.
Yardımlı rayonu ərazisində zəngin tarixi irslə bağlı dövlət qoruğunun yaradılması, rayon mərkəzində kitab mağazalarının təşkili və kitabxanaların lazımi ədəbiyyatla təmin olunması barədə xahişlər edilib. Bundan əlavə, orta məktəblərdə kulturologiya fənninin tədris olunması və mədəniyyətşünaslıq üzrə ibtidai biliklərin öyrədilməsi, uzun müddət mədəniyyət sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi ilə bağlı müraciətlər də səsləndirilib.
Həmçinin Lerik rayonundakı "Uzunömürlülər - Rəfti" folklor xalq kollektivinin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakına köməklik göstərilməsi, regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin qabaqcıl iş təcrübəsinin yayılması barədə xahişlər diqqətə çatdırılıb.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan bu cür görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir.
Lənkəran şəhərindəki qəbulun artıq sayca 30-cu görüş olduğunu diqqətə çatdıran Ə.Qarayev bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü söyləyib.
Budəfəki görüşdə də aktual mövzularda təkliflərin səsləndiyini vurğulayan nazir xalq teatrlarının vətənpərvərlik mövzusunda respublika festivalının keçirilməsi fikrinin təqdirəlayiq olduğunu və gələn il belə bir festivalın təşkil ediləcəyini bildirib.
Vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirən mədəniyyət və turizm naziri ölkəmizin turizm imkanlarının təbliği ilə bağlı mobil proqram təminatının hazırlanması və yayılmasının da faydalı təklif kimi nəzərdən keçiriləcəyini vurğulayıb.
Qəbuldan sonra nazir Lənkəran şəhər Mədəniyyət Mərkəzində, yeni istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində və Turizm İnformasiya Mərkəzində olub, bu qurumların fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_naziri_Lenkeran_seherinde_vetendaslari_qebul_edib-888134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR