"Qara polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun həyat yoldaşı Eleonora Hüseynova ilə polis əməkdaşı Asif Qubadovun məhkəmə çəkişməsi başlayıb.
Cebhe.info xəbər verir ki, işə Səbail rayon Məhkəməsində baxılır. Eleonora Hüeynovanın hüquqlarını müdafiə edən Sadiq Rəsulovun verdiyi məlumata görə, Eleonora Hüseynovaya məxsus torpaq sahəsi polis əməkdaşı Asif Qubadov tərəfindən əvvəlcə mənimsənilib.
Daha sonra isə birincinin daxili işlər naziri Ramil Usubov, eləcə də baş prokuror Zakir Qaralova müraciəti nəticəsini verib və qarşı tərəf torpaq sahəsinin pulunun ödənilməsi təklifini irəli sürüb. Tərəflər bununla bağlı razılığa gəlsələr də, Asif Qurbanov 150 min manat dəyərində qiymətləndirilən torpaq sahəsinin pulunun 30 min manatını ödəməkdən imtina edib.
Bundan sonra Eleonora Hüseynova məhkəməyə müraciət edib. Məhkəmənin sentyabrın 29-də keçirilən ilk iclasında iddiaçı tərəf hazırda 17 saylı polis bölməsinin təhqiqatçısı olan Asif Qubadovun "Bandotdel"də dindirilməsi ilə bağlı sənədlərlə tanş olmaq üçün vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib.
Məlumatlara görə, bundan əvvəl DİN-də işləyən Asif Qubadov öz vəzifəsindən sui-istifadə edərək Eleonora Hüseynovaya məxsus torpaq sahəsini ələ keçiriib. Eleonora Hüseynovanın nazir Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciətindən sonra Asif Qurbanovun iş yeri dəyişdirlib və o, 17-ci polis bölməsinə göndərilib.
Milli.Az