Nursultan Nazarbayev yeni fövqəlmilli valyuta yaratmağa çağırıb

Nursultan Nazarbayev yeni fövqəlmilli valyuta yaratmağa çağırıb
19:03 29 Sentyabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+


Astana, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Məclisindəki çıxışında bəyan edib ki, BMT üzvü olan dövlətlər yeni fövqəlmilli valyuta yaratmaq üçün öz səylərini birləşdirməlidirlər.
Onun sözlərinə görə, bu addım qlobal, davamlı inkişaf və tərəqqinin məqsəd və vəzifələri ilə əlaqələndirilməlidir.
Nazarbayev 2045-ci ilə qədər olan dövr üçün qlobal strateji plan işləyib hazırlamağa çağırıb. Həmin planın əsas ideyası “ədalətli şəraitdə” inkişafın yeni tendensiyasını gerçəkləşdirməkdən ibarət olmalıdır. Bu halda bütün xalqlar qlobal infrastrukturdan, resurslardan və bazarlardan istifadə etmək üçün bərabər imkanlara malik olacaq.
Qazaxıstan dövlətinin başçısı BMT-nin İqtisadi və Sosial Şurasını İnkişaf üzrə Qlobal Şuraya çevirməyi təklif edib. Onun sözlərinə görə, Qlobal Şuranın işində BMT üzvü olan dövlətlər, BMT-nin bütün ixtisaslaşdırılmış agentliklərinin və Beynəlxalq Valyuta Fondunun rəhbərləri iştirak edə bilərdi.
Qazaxıstan Prezidentinin sözlərinə görə, həmin Şuraya qlobal iqtisadi tənzimləyici funksiyalar həvalə edilməlidir. N.Nazarbayev deyib: “Şura tərəfindən reallaşdırılan dünya miqyaslı layihələr qlobal iqtisadi artım nöqtələri ola bilərdi. Bu, qlobal böhranlar riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək etməklə bərabər milli iqtisadi və sosial siyasət məsələlərində dövlətlərin məsuliyyətli davranışını təmin edər”.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki ümumi debatlarda çıxış edərək BMT-nin qərargahının Asiyaya köçürülməsini təklif edib.
Prezident qeyd edib ki, Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarının güclü sıçrayışı qlobal proseslərdə yeni reallıq əlamətidir. Bu proses nəzərə alınmaqla dövlətlərin qarşılıqlı münasibətlərinə yeni təkan vermək üçün bu tarixi şansdan istifadə etmək lazımdır.
N.Nazarbayev vurğulayıb: “BMT-nin qərargahının Asiyaya köçürülməsi barədə fikirləşməyi təklif edirəm. Ümidvaram ki, Qazaxıstanın təşəbbüsləri Millətlər Birliyi tərəfindən qəbul ediləcək”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nursultan_Nazarbayev_yeni_fovqelmilli_valyuta_yaratmaga_chagirib-888260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR