Bakı, 30 sentyabr, AZƏRTAC
GUAM çərçivəsində əməkdaşlıq region dövlətləri arasında əlaqələrin inkişafında vacib rol oynayır. Təşkilat daxilində humanitar və iqtisadi sahədə əməkdaşlıq üçün əlverişli imkanlar var.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 29-da Nyu-Yorkda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşündə deyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. O, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll edilməli olduğunu qeyd edib.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ukraynalı həmkarını ölkəmizə səfərə dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.