Kopenhagen, 30 sentyabr, AZƏRTAC
Danimarkanın yeni müdafiə naziri Karl Holst bu vəzifədə təxminən üç ay işləyəndən sonra istefa verməyə məcbur olub. Danimarka KİV-lərinin verdiyi məlumata görə, nazirin istefasına səbəb hay-küylü bir qalmaqalda onun adının hallanması olub.
Karl Holst istefa verməsini belə izah edib: “Bu gün mən hökumət başçısına müdafiə və şimal ölkələrinin işləri üzrə nazir vəzifəsindən getdiyimi bildirmişəm. Etiraf etməyə məcburam ki, mənim keçmişimlə - Cənubi Danimarka Regional Şurasının sədri vəzifəsində çalışdığım dövr ilə bağlı faktlar məni tutduğum vəzifədə xeyr vermək imkanından məhrum edir. Bu faktlar həm də hökumətin nüfuzuna xələl gətirir, mən isə bunu istəmirəm”.
Karl Holstun da adının hallandığı qalmaqal sentyabr ayında başlanıb. Məlum olub ki, K.Holst dövlət ehtiyatlarını onların təyinatından fərqli məqsədlər üçün xərcləyib. Holst Cənubi Danimarka Regional Şurasının sədri vəzifəsində çalışdığı dövrdə onun şəxsi köməkçisi vəzifələrini yerinə yetirən Kristian Nilsen də bu qalmaqala cəlb olunub. Məlum olub ki, katib öz vaxtının yarısını rəisinin seçkiqabağı kampaniyasında ona kömək məsələlərinə sərf edirmiş, halbuki bu işlər Regional Şuranın xəzinəsindən məvacib ödənilən dövlət qulluqçusu kimi onun vəzifələrinə daxil olmalı deyildi.
Danimarkanın baş naziri Lars Lökke Rasmussen isə, öz növbəsində, ölkə KİV-lərinə müsahibəsində təsdiq edib ki, nazirin istefası haqqında qərar onun şəxsi təşəbbüsü ilə qəbul edilib.
Rauf Əliyev
AZƏRTAC—ın xüsusi müxbiri
Kopenhagen