Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir milli geyimlərə həsr edilmiş layihənin reallaşdırılmasını davam etdirirlər. Trend-in məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Bu dəfə layihədə Azərbaycanın əməkdar aktrisası, Birinci Avropa Oyunlarının ulduzlu səfiri, müğənni və bəstəkar Tünzalə Ağayeva iştirak edib. Obrazlar üzərində stilist-vizajist, milli mükafatların qalibi Səbinə İmanova işləyib.

Mərkəzin təsisçisi və direktoru, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru G.Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğ edilməsidir: “Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri, tanınmış şəxslərin uşaqları iştirak edirlər”.

Layihənin çəkilişləri Şirvanşahlar sarayı ərazisində və İçərişəhərdə aparılıb.

Qeyd edək ki, Norveçin “2014-cü ilin fotoqrafı” mükafatının sahibi, “Bilder Nordic School of Photography”nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir. F.Nadir bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.

Foto - Vüqar İmanov

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az