Bakı, 30 sentyabr, AZƏRTAC
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə dayanıqlı inkişafını təmin etmək və rəqabətlilik qabiliyyətini saxlamaq məqsədilə yaxın gələcəkdə bir sıra mühüm addımlar atmaq niyyətindədir.
“FINCA Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, bunlar sırasına sadə kreditləşmə və məsuliyyətli borclanmanı ehtiva edən yeni çeşiddə məhsul və xidmətlər təqdim etmək, müştərilərə xidmət göstərərkən innovativ üstünlüklərdən faydalanmaq, ödənişlərin terminallar vasitəsilə edilməsini optimallaşdırmaq və rəqabət şəraitində çətin sınaqları fürsətə çevirərək təşkilatın mövqeyini mikro maliyyə bazarında daha da möhkəmləndirilməsi daxildir.
Məlum devalvasiyanın təsirindən sonra hazırki iqtisadi vəziyyət və kredit məhsullarına müştəri tələbatının zəifləməsi şəraitində “FINCA Azerbaijan” dayanıqlı inkişafını təmin edəcək daha çevik qərarlar qəbul etməyi planlaşdırır. Təşkilat son dəyişikliklər fonunda ölkə ərazisində yerləşən filiallarının yenidən qiymətləndirməsini aparır. Mövcud filiallar vasitəsilə müştərilərə daha yaxşı xidmət göstərilməsi mümkün olan ərazilərdə bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsini bağlaya və gələcəkdə bu gün xidmət göstərmədiyi digər rayonlarda yeni ofislər aça bilər.
“Bizim hazırki iqtisadi çətinliklər dövründən daha fokuslu, daha rəqabətli şirkət kimi çıxa biləcəyimizə və Azərbaycan ərazisində hədəf müştəri seqmentinə xidmət göstərən dayanıqlı şirkət olacağımıza əminəm. Ən vacibi isə biz müştərilərə mükəmməl təcrübə yaşatmaq üçün daha güclü mövqedə olacayıq ki, bu da bizim bu gün və gələcək üçün məqsədimizdir”,- deyə təşkilatın Azərbaycan üzrə direktoru Timoti Tarrant bildirib.
“FINCA Azerbaijan” hazırda mükəmməl müştəri xidmətləri təcrübəsini təmin edən şirkət olmaq hədəfinə doğru irəliləyir. Təşkilat bunun üçün iş tərzini ehtiyaclara uyğun dəyişir, biznes proseslərini yenidən nəzərdən keçirir və hər zaman müştərilərini düşünərək onların istək və ehtiyaclarına hesablanmış yeni çeşiddə məhsul və xidmətlər təqdim olunması istiqamətində fəaliyyətini daha da təkmilləşdirir.
“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanın ən böyük mikromaliyyə müəssisələrindən biri olaraq 1998-ci ildən etibarən aztəminatlı ailələrin, kiçik və orta sahibkarların həyat standartlarının yaxşılaşdırılmasını özünə missiya seçmiş və onlara maliyyə xidmətləri göstərən bir təşkilatdır. Təşkilat dünyanın 23 ölkəsində fəaliyyət göstərən “FINCA International”ın Azərbaycandakı törəmə müəssisəsidir.