Bakı, 1 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
ABŞ-ın iradəsi ilə Rusiyaya qarşı iqtisadi sanksiyaya qoşulan Avropa İttifaqı (Aİ) ölkələri külli miqdarda ziyana düşüb.
AZƏRTAC “Basler Zeitung” (İsveçrə) qəzetinə istinadla xəbər verir ki, sanksiya kampaniyasından ən çox əziyyət çəkən Almaniya olub. Ölkələr arasında ticarət balansını analiz edən ekspertlərin qənaətinə görə, Almaniyadan Rusiyaya ixracatda kəskin geriləmə prosesi davam edir. Məlum olub ki, silah satışı ilə məşğul olan Avropa şirkətləri embarqo səbəbindən daha çox vəsait itiriblər.
Almaniya iqtisadiyyatı üzrə Şərq Komitəsinin məlumatına əsasən, ümumilikdə, ötən illə müqayisədə təkcə 2015-ci ilin yanvar-may aylarında Almaniyadan Rusiyaya ixrac edilən mallar üzrə 34 faiz, azı on milyard avro azalma müşahidə olunub. Bunun nəticəsində rəsmi Moskvanın mühüm idxalatçı tərəfdaşı olan Berlin 11-ci sıradan 13-cü yerə enib. Almaniya ilə yanaşı, Fransa, İspaniya və İtaliyada da oxşar vəziyyət yaşanır. Belə ki, cari ilin ilk aylarında bu ölkələrdən Rusiyaya ixracat 3 dəfə geriləyib. Bir çox şirkətlər müflisləşərək iflasa uğrayıb.
Mütəxəssislər bildirirlər ki, Rusiyaya qarşı embarqoya qoşulmayan İsveçrə digər Aİ ölkələri ilə müqayisədə minimum zərər görüb. Avstriya İqtisadiyyat İnstitutunun “WIFO“ araşdırma mərkəzi isə daha bədbin proqnozla çıxış edib. Məruzəyə görə, mövcud böhran Avropada iki milyondan çox iş yerinin ixtisarı ilə nəticələnə bilər.

