Tokio, 1 oktyabr, AZƏRTAC.
Yaponiya polisi bu yaxınlarda parçalanmış böyük “Yamaquçi-qumi” yakuza sindikatının 29 üzvünü həbs edib və 20-dən artıq axtarış aparıb.
Bu barədə Milli Polis İdarəsinin rəhbəri Masahito Kanetaka oktyabrın 1-də təşkil olunmuş mətbuat konfransında məlumat verib.
M.Kanetaka deyib: “Biz mafiyanın daxilində cari qarşıdurma barədə tam məlumata malik olmasaq da, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün gücümüzü sərf etməyə hazırıq”.
Polisin yaydığı məlumatda bildirilir ki, həbslər həm “Yamaquçi-qumi” sindikatında, həm də ondan ayrılmış “Kobe Yamaquçi-qumi” qruplaşmasında aparılıb. Yaponiya hüquq-mühafizə orqanları mafiyanın parçalanmasının qanlı qarşıdurmalara səbəb ola biləcəyini nəzərə alaraq yüksək hazırlıq vəziyyətinə gətirilib.
Sentyabrın əvvəllərində sindikatın üç minə yaxın üzvü “Yamaquçi-qumi”dən ayrılaraq adı Hyoqo prefekturasında yerləşən şəhərdən götürülmüş “Kobe Yamaquçi-qumi” qrupunu yaradıblar. “Yamaken-qumi” sindikatının rəhbəri olan 67 yaşlı Kunio İnoue hazırda yeni qruplaşmaya başçılıq edir.
“Yamaquçi-qumi” öz tərkibində 13 müxtəlif sindikatı və mafiya qrupunu birləşdirir. 1980-ci ildə onun tərkibində baş vermiş parçalanma çoxsaylı cinayət hadisələrinə və insan qətllərinə səbəb olmuşdu.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio