Ağsu, 2 oktyabr, AZƏRTAC.
Süleyman Sani Axundovun anadan olmasının 140 illiyi münasibəti ilə Ağsu rayon mərkəzi kitabxanasında 3 saylı şəhər tam orta məktəbin şagirdlərinin iştirakı ilə mütaliə günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın oxu zalının müdiri Mənsurə Qaçayeva açaraq şagirdlərə yazıçının həyat və yaradıcığı haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Sani Axundovun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912-1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirib.
Tədbirdə şagirdlər Əli Məmmədov, Şəhla Eminova, Aytac Hüseynova, Qoşqar Əfəndiyev və Elnarə Əsədova yazıçının hekayələrindən parçalar oxuyublar.
Axırda tədbir iştirakçıları Süleyman Sani Axundovun anadan olmasının140 illiyi münasibəti ilə təşkil olunan kitab sərgisi ilə tanış olublar.
