Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bank işi kafedrasının müdiri, professor Zahid Fərrux Məmmədov Rusiya Federasiyasının və dünya iqtisad məktəbi alimlərinin elmi konsolidasiyasını təmin edən təşkilat olan “Yeni İqtisadi Assosiasiya”nın (“Novaya Ekonomiçeskaya Assosiasiya”) üzvü seçilıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, 2009-cu ildə akademiklər, elmi-tədqiqat institutları, tədris mərkəzləri və müəssisəsinin iştirakı ilə təsis edilən assosiasiya müxtəlif elmi məktəblərə və istiqamətlərə mənsub iqtisadçı alimləri birləşdirmək, akademik institutlar, tədris müəssisələri və iqtisadi tədqiqat mərkəzləri arasında əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.
Assosiasiya gənc iqtisadçıların dəstəklənməsinə yönəldilən tematik konfranslar, seminarlar, “dəyirmi masa”lar təşkil edir. Eyni zamanda, bu qurum müxtəlif ölkələrdən olan 633 üzvü beynəlxalq assosiasiyaların işində və beynəlxalq tədqiqat layihələrində iştirak edir. Assosiasiyanın nüfuzlu elmi nəşrlərdən olan “Yeni iqtisadi assosiasiya” adlı jurnalı işıq üzü görür.