Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Bayıl-20-ci yaşayış sahəsində yenidənqurma-abadlıq və quruculuq işləri aparılacaq. Bu barədə Trend-ə Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda paytaxtın paytaxtı adlandırılan Səbail rayonunda da öz əksini tapmaqdadır.
Məlumatda qeyd olunur ki, yaxın günlərdə Sovetlər dönəmindən qalmış nizamsız, heç bir layihəyə uyğun olmadan tikilən evlərin çoxluq təşkil etdiyi, rayonun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl-20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaq.
Bildirilir ki, Bakı şəhərindən respublikanın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma tələb olunurdu. Bunula əlaqədar artıq respublikanın tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində aparılacaq yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanacaq.
Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, məhəllədaxili yoların təmiri və işıqlandırılması, burada tam yeni infrastukturun yaradılması da nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az