Tovuz, 7 oktyabr, AZƏRTAC
Tovuz sakininin becərdiyi qeyri-adi bitki görənlərin diqqətini çəkir. İlk baxışdan gül kələminə bənzəsə də, əslində bu, turpdur. Çəkisi 1 kiloqramdan artıq olan kələm turpu yerin altında deyil, üstündə bar verir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Gündüz Bağırov onun toxumunu Almaniyadan gətirib əkdiyini bildirib. Rayon sakini ilk dəfə becərdiyi bitkinin məhsuldar olduğunu da qeyd edib. Hazırda satışını etməsə də, gələcəkdə kələm turpunu geniş sahələrdə əkməyi düşünür.
Gündüz Bağırov qeyri-adi turpun rayon üçün xarakterik olduğunu və bir neçə rəngdə yetişdiyini bildirib. O, qohum-əqrəbanın, qonşuların dərib iştahla yediyi məhsulun şəkər xəstəliyinin dərmanı olduğunu deyir.
Rayon sakininin bağına gələnlərin diqqətini çəkən əsas məqam isə Almaniyadan gətirilən turpun yerin altında deyil, üstündə bar verməsidir. Qeyd edək ki, kələm dadı verən iri turplardan müxtəlif salatlar da hazırlanır.
