Bakı, 12 oktyabr, AZƏRTAC
İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində generalın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən generalın 160 illik yubileyinin qeyd edilməsini Azərbaycanda hər tarixinə verilən qiymət kimi dəyərləndirib.
Generalın şərəfli həyat yolundan söhbət açan natiq bildirib ki, Rus-Yapon müharibəsində böyük rəşadət göstərən S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. 1915-ci ildə korpus komandiri təyin olunan general Rusiyanın bütün hərbi medalları ilə, eləcə də İngiltərə, Fransa və Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.
Vurğulanıb ki, general S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Hərbi Nazir kimi qısa müddətdə nizami ordu yaratmağa nail olub. General Səməd bəy Mehmandarov 1931ci il fevralın 12-də Bakıda vəfat edib.
Tədbirdə Təhsil Alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub.
Sonda generalın yaxın qohumu Əfrasiyab Talışinski tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib