Bakı, 15 oktyabr, AZƏRTAC
“ANS TV” və “ANSPRESS” Avropanın ən iri film festivallarından olan “Pimedate Ööde” film festivalının (PÖFF) rəsmi tərəfdaşı olub.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, bu haqda festivalın rəsmi internet saytında məlumat verilib. İlk dəfə olaraq “ANS TV” festivalın informasiya partnyoru rolunda çıxış edəcək.
“Pimedate Ööde” film festivalı çərçivəsində noyabrın 13-dən 29-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək “Black Nights” film festivalında rejissor Vahid Mustafayevin çəkdiyi Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi nümayiş olunacaq.
Qeyd edək ki, festivalda 200-dək ekran əsərinin nümayişi nəzərdə tutulur.