“Qaçqın”, “köçkün” deyiləndə, adətən yada son dövrlər Ermənistandan və Qarabağdan gələn soydaşlarımız düşür. Bu dəfə 1948-ci ildə Vedidən Azərbaycana sürgün olunmuş, hazırda Göygöl rayonunda yaşayan Cəfərov Rza ilə söhbətləşəcəyik.
- Rza müəllim, sürgün vaxtı neçə yaşınız vardı?
- Mən 1934-cu ildə Vedinin Goravan kəndində dünyaya göz açmışam. Ömrümün yeniyetmə vaxtında Stalin bizi yurdumuzdan didərgin saldı. Hazırlaşmağımız, yığışıb gəlməyimiz indiki kimi yadımdadı. Köçürülməyimiz haqda əvvəlcə söz-söhbət gəzdi, sonra ermənilər gəlib dedilər tez yığışın.
- Necə köçürdülər sizi?
- Camaatı qatara doldurub Horadiz stansiyasına gətirdilər. Sonra o vaxtkı Martuni, indiki Xocavənd rayonunun Xunşnaq kəndində məskunlaşdıq. Yadımdadı, iqlim şəraitinə uyğunlaşa bilmirdik. Bizə deyirdilər, hələ buna da şükür eləməlisiniz, Mircəfər Bağırov olmasaydı Stalin sizi Sibirə sürgün eləyəcəkdi.
- Bəs gələndə ev əşyalarınızı özünüzlə gətirə bildinizmi?
- Bəli, hər şeyimizi vaqonlara yığmağa imkan yaratdılar. Hətta mal-qaramızı da gətirdik.
- Mal-qaranı da vaqonlara mindirmişdiniz?
- Yox, mal-qaranı bir yerə yığıb xüsusi adamlar piyada, haylaya-haylaya gətirmişdilər. Camaat orda əsasən heyvandarlıqla məşğul idi. Mənim atam baş çoban olmuşdu, təkcə bizim yüzə yaxın heyvanımız vardı.
- Ailədə neçə nəfər idiniz?
- Bura köçəndə ailəmiz səkkiz nəfərdən ibarət idi. Uşaqların ən böyüyü mən idim.
- Bəs Göygölə nə vaxtdan gəlmisiniz?
- Bir il Xocavənddə yaşadıqdan sonra SSRİ Nazirlər Kabinetinin qərarı ilə bizi 1949-cu ildə Xanlara, indiki Göygöl rayonuna köçürdülər. Bura gələn kimi məni komsomola qəbul etdilər. Orta məktəbi bitirdikdən sonra Lenin adına Pedoqoji İnstitutun Tarix fakültəsinin qiyabi şöbəsinə qəbul oldum. Təhsilimi davam etdirirdim, həm də işləyirdim. Hacıkənd uşaq evində yeniyetmələr üzrə baş dəstə rəhbəri təyin olunmuşdum.
- Orada saxlanılanlar əsasən yetimlər idi?
- Hə, yetimlər çox idi. Ancaq kasıb ailələrin uşaqları, kimsəsizlər də vardı.
- Uşaqları neçə yaşından götürürdünüz?
- Əsasən, birinci sinif yaşından. O vaxt kimsəsiz körpə uşaqları əvvəlcə Gəncədə böyüdürdülər. Böyüyüb məktəb yaşına çatanda onları Gəncə uşaq qəbulu məntəqəsindən götürüb Hacıkəndə gətirirdik. Burada hər millətdən uşaq oxutmuşuq. Erməni də vardı, rus da, ləzgi də, avar da, gürcü də. Ləzgi ailələrində uşaq çox olduğundan saxlaya bilmirdilər, gətirib uşaqlarını bizə verirdilər. Ona görə ləzgi millətindən olan uşaqlar çox idi. Onların bütün qayğılarını - yatmaq, yemək, geyim, sağlamlıq, təhsil, tərbiyə və s. uşaq evi çəkirdi. Səhər-səhər şeypur çalınardı, qalxıb əl-üzlərini yuyar, gimnastikaya düzülərdilər. İdmandan sonra səhər yeməyi, ondan sonra da məktəb. Həyat yoldaşım rəhmətlik Tərifə xanımla bütün ömrümüz boyu yetim böyütmüşük. Həyat yoldaşım otuz ilə yaxın “Bənövşə” uşaq bağçasına rəhbərlik edib. Tərifə xanım nümunəvi pedaqoq kimi 1977-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüşdü. Biz millətindən asılı olmayaraq bütün uşaqlara valideyn münasibəti bəsləmişik, onların sonrakı taleyi ilə də həmişə maraqlanmışıq.
- Yəqin uşaqlar da sizin xətrinizi çox istəyib.
- Bəli. Elə hadisələr olub, şagirdin valideyni tapılıb, arxasınca aparmağa gəliblər, ancaq uşaq ağlayıb, bizdən ayrılmayıb. Elə bil bu, bizim taleyimizə yazılıb, gəlinim Sadə xanım da internatda işləyir, gözəl qəlbi var, uşaqlar onu özlərinə doğma ana bilirlər.
- Mənim yadımdadı, yayda Hacıkənd pioner düşərgəsində dincələn uşaqlar bir ayın içində dəyişər, canları sulanar, böyüyərdilər.
- Mən həmişə uşaqların yeməyinə diqqət eləmişəm. İki dönəm, yəni səkkiz il qəsəbə sovetinə deputat seçilmişəm, ona görə uşaqlar üçün lazım olan hər bir şeyi tələb etmək imkanım olub. 1958-ci ildən 1980-ci ilə qədər uşaqlarla bərabər pioner qalstuku bağlamışam. Tətil vaxtlarında onları Göygölə, Kəpəz dağına, Bənövşəli yaylağına, rayonumuzun müxtəlif mənzərəli yerlərini gəzməyə, şənlənməyə aparmışam. Gecələr tonqal qalayıb əyləncəli oyunlar oynamışıq. Həmişə onları sevindirməyə çalışmışam.
- Sözünüzə baxmayan, nadinclik eləyənlər olurdumu?
- Əlbəttə. Aralarında hər xasiyyətdə olanı vardı. Eləsi vardı qapalı, küsəyən olurdı, eləsi də vardı oğurluğa, qaçmağa meylli idi. Lap ipə-sapa yatmayanı cəza kimi Qubadakı ciddi rejimli internat məktəbinə göndərirdik.
- Bəs, böyüyüb məktəbdən ayrıldıqdan sonra gəlib sizinlə görüşənlər olurmu?
- Əlbəttə! Bu günün özündə də zəng edib halımı soruşurlar, gəlib görüşürlər. Hər birinin taleyini bilmişəm, haqqında düşünmüşəm, dərdinə kədərlənmişəm, sevincinə sevinmişəm.
- Rza müəllim, sizə can sağlığı arzulayıram. Nə yaxşı sizin kimi insanlar var...






