Füzuli, 15 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında Süleyman Sani Axundovun “Eşq və intiqam” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa səhnələşdirilir.
Teatrın direktoru Vaqif Vəliyev AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, tamaşa yaxın günlərdə teatrsevərlərə təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rolları Vaqif Rəhimov, Məryəm Məmmədova, İntizar Quliyeva, Sehran Xanlarov, Elşən Gözəlov, Qaçaq Qarayev və başqaları ifa edirlər.
V.Vəliyev qeyd edib ki, bu il teatrda Əli Əmirlinin “Xoşbəxt gün” və Rəhman Əlizadənin “Dünyanın axırı” tamaşaları hazırlanaraq Horadiz şəhərində, rayonun kənd və qəsəbələrində, hərbi hissələrdə nümayiş etdirilib. Bundan başqa, teatrın kollektivi H.Mirələmovun “Xəcalət”, N.B.Vəzorovun “Yağışdan çıxdıq yağmura düşdük”, S.S.Axundovun “Bəndalı bəndə düşüb”, M.F.Axundzadənin “Hacı Qara”, İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşaları ilə teatrsevərlər qarşısında çıxışlar edib. İlin sonunadək isə Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” tamaşası hazırlanacaq.

