Bakı, 15 oktyabr, AZƏRTAC
“Qarabağ” futbol klubunda forma geyən, Albaniya millisinin müdafiəçisi Ansi Aqollinin “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11–də Ermənistan ilə səfər qarşılaşmasından əvvəl İrəvandan Azərbaycan xalqına salam göndərməsini əks etdirən videoyazı yayılıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” futbol klubunun “Facebook” səhifəsində yerləşdirilən qısa videoyazıda A.Aqolli ingilis dilində “Bütün Azərbaycan xalqına və qardaşlara salam” söyləyib.
Albaniyalı futbolçunun bu hərəkəti azərbaycanlı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.