Bakı, 16 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə “Hədəf Nəşrləri”nin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsinin bu ilki qaliblərinin adları açıqlanıb.
Layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq AZƏRTAC-a bu barədə məlumat verib: “Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli builki pyes müsabiqəmizin nəticələrini təsdiqləyib. Münsiflər heyətinin yekun qərarına əsasən bu il birincilik heç bir müəllifə verilməyib. Bunun səbəbi əsərlərin bədii çəkisinin zəif olması, müsabiqə iştirakçılarının təqdim etdiyi əsərlərin yazılmasında tələskənliyin hiss olunması, habelə, janrın tələblərindən kənara çıxmaların çox olmasıdır.”
Ş. Sadiq bildirib ki, bu il müsabiqənin təşkilat komitəsinin qərarına əsasən əsərlərin mətni üçün işarə sayının məhdudiyyəti ləğv edilmişdi.
Münsiflər heyəti yekun ballarını və qaliblərin siyahısını müəyyən edib: 4 mükafat, 2 fəxri fərman, 3 həvəsləndirici mükafat təqdim olunacaq. Yaxın günlərdə “Anamın kitabı” nominasiyasının mükafatlandırma mərasimi keçiriləcək.