Ucar, 16 oktyabr, AZƏRTAC
91 saylı Ucar seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq çərçivəsində Mərkəzi Seçki Komissiyasının (MSK) tövsiyəsinə əsasən oktyabrın 12-dən başlayaraq aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan maarifləndirici treninqlər başa çatıb.
Dairə seçki komissiyasının sədri Abdulrəzaq Abbasov AZƏRTAC-a bildirib ki, treninqlər 7 qrupda keçirilib və hər qrupda 6 məntəqə seçki komissiyasının sədr, katib və üzvlərinin iştirakı təmin olunmaqla, ümumilikdə 252 nəfər iştirak edib.
Təlim zamanı MSK tərəfindən tərtib edilən xüsusi proqramın və slaydların köməyi ilə Seçki Məcəlləsinə, seçkilərlə bağlı təlimata uyğun olaraq məntəqə sədrlərinin, katiblərin və üzvlərin hüquq və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, yekun protokollarının doldurulması və digər məsələlər barədə metodiki məlumatlar və tövsiyələr verilib.