Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) Elmi-Bədii Şurasının növbəti iclası keçirilib.
AzTM-dan AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri, ölkə üzrə dil və tərcümə işinin təkmilləşdirilməsinə dair hazrılanmış Dövlət proqramının layihəsi müzakirə olunub.
İclası giriş söz ilə şuranın sədri, AzTM-nin direktoru Afaq Məsud açaraq, Azərbaycan dilinin tətbiqi, düzgün işlədilməsi və tərcümə işinin təşkili ilə bağlı mərkəz tərəfindən aparılmış araşdırmalardan geniş söz açıb.
A.Məsud mərkəzin dövlət qurumlarında dil və tərcümə işinin təşkili ilə bağlı apardığı araşdırmalardan, bu sahədəki mövcud problemlərdən, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşrində yol verilmiş xətalardan danışıb, bu sahədəki nöqsanların aradan qaldırılmasının vacibliyini söyləyib.
Daha sonra şuranın üzvlərinin müzakirə olunan məsələyə dair fikir və mülahizələri dinlənilib.