Helsinki, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində “İki əsr bir yerdə” mövzusunda III Ümumfinlandiya Konfransı keçirilib. Finlandiyanın rusdilli diasporunun birləşməsi məsələlərinə həsr edilən konfrans Rusiyalı Həmvətənlər Təşkilatının Ümumfinlandiya Şurası tərəfindən təşkil edilib.
Hər il keçirilən bu tədbirdə Azərbaycanı “Dostluq” Azərbaycan-Finlandiya cəmiyyətinin sədri Təranə Nəzərova, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin regional əlaqələr şöbəsinin rəisi Xaliq Aslanov təmsil ediblər.
Konfransın “Dinc yetmiş il” adlanan seksiyalarından biri İkinci Dünya müharibəsinin başa çatmasının 70 illiyinə həsr edilib.
“Dostluq” Azərbaycan-Finlandiya cəmiyyətinin sədri Təranə Nəzərova çıxışında qeyd edib ki, müharibədə Azərbaycanın təxminən 700 min vətəndaşı iştirak edib, onlardan 300 mini həlak olub və ya itkin düşüb. Həmin illərdə respublika əhalisinin sayı isə qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 2 milyon 800 min nəfər olub. Azərbaycan əsgərləri müharibədə böyük qəhrəmanlıq göstəriblər. Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 34 nəfər “Şöhrət” ordeninin üç dərəcəsinin tam kavaleri olub. Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Baloğlan Abbasov və başqalarının qəhrəmanlığı dillər əzbəridir. T.Nəzərova Finlandiyada yaşayan, İkinci Dünya müharibəsinin 93 yaşlı veteranı, bakılı Adolf Malışkonun döyüş şücaətlərindən söz açıb. A.Malışko cəbhə yolunu 1942-ci ildə Kerçdən başlayıb, Krımda döyüşüb, müharibəni kapitan rütbəsi ilə başa vurub. Müharibə iştirakçısı özünün çoxsaylı mükafatları sırasında Adjimuşkay daş karxanasında alman desantının məhv edilməsi əməliyyatında iştirakına görə təltif olunduğu “Qırmızı ulduz” ordenini xüsusilə seçir.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin regional əlaqələr şöbəsinin rəhbəri Xaliq Aslanovun məruzəsi maraqla dinlənilib. O deyib ki, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın böyük rolu olub. Cəbhənin ehtiyacları üçün lazım olan neftin 80 faizini Azərbaycan verib. X.Aslanov diqqətə çatdırıb ki, Georgi Jukov xatirələriondə dəfələrlə qeyd edib ki, “Azərbaycan nefti İkinci Dünya müharibəsində sovet xalqını qələbəyə yaxınlaşdırıb”.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
III Ümumfilnlandiya Konfransında Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi müzakirə edilib
III Ümumfilnlandiya Konfransında Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi müzakirə edilib
III Ümumfilnlandiya Konfransında Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi müzakirə edilib