Bakı, 17 oktyabr, AZƏRTAC
Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatında Böyük Vətən müharibəsi iştirakçısı Mariya Rzayevanın “Müharibə haqqında, həyat haqqında” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın müəllifi Mariya Rzayeva, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, sədr müavini Cəlil Xəlilov, gənclərin tərbiyəsinin təşkili şöbəsinin rəisi, polkovnik Adil Haqverdiyev, “Rossotrudniçestva”nın Azərbaycandakı nümayəndəsi Valentin Denisov, veteranlar təşkilatının digər üzvləri, Böyük Vətən müharibəsi veteranları iştirak ediblər.
M.Rzayeva qeyd edib ki, Stalinqrad döyüşünün iştirakçılarına, ömrünün müharibədən sonrakı Bakı dövründə partiya-təsərrüfat işi üzrə həmkarlarına həsr edilən memuarların yer aldığı bu kitabın məqsədi böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsidir.
Müəllif kitabda 18 yaşlı qızın könüllü kimi cəbhəyə getməsini, müharibədən sonra Azərbaycana köçməsini, bu yerin onun üçün doğma olmasını xatırlayır.
Böyük Vətən müharibəsi veteranı deyib: “Azərbaycan mənim ikinci Vətənimdir və mən onu həyatda heç nəyə dəyişmərəm”.
D.Rzayev vurğulayıb ki, Böyük Vətən müharibəsi veteranlarına Azərbaycanda böyük hörmət edilir. Ümummilli lider Heydər Əliyev veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşıb, hazırda bu yolu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Veteranların ölkəmizin ictimai-siyasi həyatında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında iştirak etmələrinə imkan yaradan Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyət göstərməsi buna bariz nümunədir. D.Rzayevin fikrincə, təqdimatı keçirilən kitab müəllifin xatirələrinin və Böyük Vətən müharibəsi illəri, habelə müharibədən sonrakı dövr haqqında tarixi faktların maraqlı sintezidir.
V.Denisov M.Rzayevaya “Rossotrudniçestvo”nun “Gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi həqiqətin
və Böyük Vətən müharibəsi dərslərinin təbliğinə görə” Fəxri fərmanını təqdim edib.
Mariya Rzayevanın “Müharibə haqqında, həyat haqqında” kitabının təqdimatı olub