Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 16 sentyabr 2015-ci il tarixli iclası qeyri-xarakterik olduğu üçün diqqət çəkdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun internet media resurslarından narazılığını ifadə edən müraciəti əsasında keçirilən iclasda teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovla aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu arasında baş tutan dialoq Azərbaycan mediasının ciddi bir problemini üzə çıxardı. Baş redaktor rəhbərlik etdiyi xəbər saytında yayımlanmış və teatrda daxili problemlərə həsr edilmiş yazıda yol verilən boşluqları qarşı tərəfdən suallarına vaxtında cavab ala bilməmələri ilə izah etdi. Baş rejissor isə ona zəng vurulan zaman yaradıcı heyətlə çalışdığından, telefonu açmaq imkanında olmadığını əsas gətirərək, jurnalistləri tələskənliyə yol verməkdə qınadı. Öncə işini yola verməli olduğunu vurğulayan teatr rəhbəri jurnalistlərin suallarını gec cavablandırmaqla qanunsuz davranmadığını əsaslandırmağa çalışdı. Telefona cavab verilməyibsə, sual cavablandırılmayıbsa, bu, jurnalistə istədiyini yazmağa əsas verirmi? Elçin Zahiroğlunun cavabı isə bu oldu ki, onlar məxsusi olaraq bədii rəhbər və ya direktorla danışmaq iddiasına düşməyiblər: "Bizim üçün telefondakı şəxsin kimliyi vacib deyil, yetər ki, informasiyanı təsdiqləmək səlahiyyətində olsun. Bunu mətbuat xidməti də edə bilərdi. Problem - mətbuat xidmətinə çıxış imkanlarının məhdudluğundan yaranır".

Analoji hadisə ilə bu il mayın 23-də baş nazirin müavini Abid Şərifov da qarşılaşmışdı. Yaşayış binasına və onun sakinlərinə ciddi xəsarət vurmuş yanğının nəticələrinin aradan qaldırılması ilə məşğul olan Şərifov jurnalistlərin suallarına vaxt ayırarsa, daha ciddi fəsadlar yaranacağını görüb, media işçiləri ilə sərt davranmışdı. Nəticədə inciklik yaranmış, münasibətlərin normallaşması üçün Mətbuat Şurasının sədri şəxsən müdaxilə etməli olmuşdu. Təbii ki, yüksək çinli məmur olaraq o, əvvəlcə yanan bina haqqında əncam çəkməli, sonra jurnalistlərlə söhbətləşməliydi. Amma bu, jurnalistlərin gördükləri işin mahiyyətini azaltmır. Ciddi ajiotaj yaratmış yanğın barəsində cəmiyyətə yetərli informasiya verilməzsə, hansı nəticələr yarana biləcəyini hər kəs ehtimal edir. Beləcə, "kim haqlıdır?" sualı ortaya çıxsa da, daha çox ritorik xarakterlidir, dilemma deyil. Cənab Şərifovun təmsil etdiyi qurumun mətbuat xidməti jurnalistlərin suallarını operativ şəkildə cavablandırmaqla həm cəmiyyəti yetərli informasiya ilə təmin etmiş olardı, həm də media işçilərinin işgüzarlığı ilə seçilən məmurdan narazı düşməsinin qarşısını alardı.

Mətbuat xidmətlərinin qeyri-operativ fəaliyyətlərinin yaratdığı fəsad 2014-cü ilin avqustunda daha ciddi formada ortaya çıxmışdı. "Mini-müharibə" kimi dəyərləndirilən hadisələr fonunda Azərbaycan əsgəri rəşadətlə dayanmış, düşmənin təxribatlarını heçə endirməyi bacarmışdı. Amma silahlı qüvvələrimizin xalqımıza yaşatdığı bu sevinci informasiya istehsalçıları heçə endirəcək qədər səhvlər buraxdılar. Həmin dövrdə proseslərin təhlilini aparan Mətbuat Şurası yekun olaraq bu qənaətə gəldi ki, qızğın avqust günlərində Azərbaycan informasiya məkanına yad ünsürlər daxil olmuş, yaratdıqları saytlar Azərbaycan dilində olsa da, düşmən dəyirmanına su tökmüşdülər. Amma problem təkcə təxribatçı qüvvələrin əməlləri ilə yekunlaşmamışdı. Ölkənin peşəkar KİV-ləri sırasından da "təxribatlara uyanlar, dəqiqləşdirilməmiş informasiya yayanlar" tapılmışdı. Bu qisimdən olanlar isə üzərlərinə düşən məsuliyyəti mətbuat xidmətləri ilə əlaqələndirdilər. Məlum oldu ki, hadisələrin qaynar vaxtında rəsmi qurumlardan bəzilərinin mətbuat xidmətləri öz funksiyasını yerinə yetirməyərək, jurnalistlərin suallarını vaxtında cavablandırmayıblar. Nəticədə şayiələr baş alıb getmiş, ölkəmiz üçün ağır durum yaratmışdı. Durum o qədər ağırlaşdı ki, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev 29 avqust tarixində xəbər istehsalçıları və rəsmi qurumların mətbuat xidmətlərinin təmsilçiləri ilə əlahiddə müşavirə keçirdi, müzakirə apardı, çıxış yolları barədə tövsiyələr verdi.

Mövzu bu gün də aktualdır. Milli təhlükəsizlik naziri prezident sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Daşıdığı status baxımından diqqət mərkəzində olsa da, təhlükəsizlik şefinin işindən ayrılması təcrübəsi ilk deyil. Xəbər istehsalçıları isə mövzu ətrafında elə ajiotaj yaradıblar ki, sanki dövlət çevrilişi baş verib. Müxtəlif versiyalar üzrə qurulmuş xəbərlər bolluğunda hətta soyuqqanlılığı qibtə doğuranların belə əndişəsi hiss olunmaqdadır. Nazirin həbs olunduğunu, siyasi xəyanətə yol verdiyini, iqtisadi cinayətlərə qurşandığını iddia edənlər var. Nəqliyyat naziri ətrafında yaranmış informasiya mühiti də bundan az mürəkkəb deyil. Nazirin ölkədən qaçdığını deyənlər, səlahiyyətsiz qaldığını bildirənlər, xəstələndiyini, komaya düşdüyünü iddia edənlər az deyil. Hər kəs öz işindədir: şayiə yayanlar, durumu fürsət bilib təxribat törədənlər, nəhayət, xəbəri dəqiqləşdirmək istəyənlər... Ortada olmayan isə mətbuat xidmətləridir. Bir cümləlik açıqlamasıyla bütün qarışıqlığa son qoya, adamları intizardan qurtara, jurnalistləri dəqiqləşməmiş məlumat yaydığı üçün qeyri-peşəkar damğası vurulmaqdan xilas edə biləcək bu şəxslərin lazımi anda qeybə çəkilməsinə izah tapmaq mümkün deyil.

Ölkədə xəbər istehsalçılarının büsbütün peşəkar olduqlarını iddia etmək qeyri-məntiqlidir. Nəzərə alsaq ki, ən azı, beş min ənənəvi KİV (televiziya, radio, qəzet, jurnal... ) qeydə alınıb, bir o qədər də internet media resursları, sosial şəbəkə fəalları var, onda media məkanında boy göstərən qeyri-peşəkarların sayının peşəkarlardan az olmadığını deməyə əsas yaranar. Amma təcrübə göstərir ki, qeyri-peşəkarlar nə qədər geniş şəbəkəyə malik olsalar da, sonda peşəkarların yaydıqları həqiqətlər qarşısında gücsüz duruma düşür, qınlarına çəkilməyə məcbur olurlar. Peşəkarlara isə, istinad mənbəyi, suallarına cavab olacaq bircə kəlmə lazımdır. O bircə kəlməni zamanında demək, ünvanına çatdırmaq lazımdır ki, nə şəxs haqqında yersiz şayiələr yayılsın, nə əhali ajiotaja düşsün, nə də peşəkar jurnalistləri qeyri-peşəkarların sırasına qatıb töhmət vurmaq gərəksin. Zatən mətbuat xidmətlərinin mahiyyətidir bu.

Müşviq Ələsgərli

Milli.Az