Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hakim anket məlumatlarına aid məsələni diqqətə çatdırıb. O bildirib ki, keçən prosesdə təqsirləndirilən şəxs doğum tarixinin 1988-ci il olduğunu bildirsə də, onun xarici pasportunda doğum tarixi 1984-cü il yazlııb. Təqsirləndirilən şəxs 1988-ci ildə doğulduğunu, hətta pasportda adının səhv yazıldığını bildirib. “Mənim adım Zeynalabdindir. Doğum tarixim 1988-ci ildir”.

Təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev təqsirləndirilən şəxsin huşunun itdiyini, psixoloji problemlər yaşadığını bildirib.

Vəkil məhkəmədə vəsatətlərlə çıxış edib. M. Əliyev təqsirləndirilən şəxsin talesemiya xəstəsi olduğunu qeyd edib. “Keçən prosesdə bu vəsatəti qaldırdım, yenə onu 15 məhkumla birgə gətiriblər. Suyun içindədir. Mən sizdən bir daha xahiş edirəm ki, Penitensiar Xidmətə müraciət edin Zauru xüsusi maşınla məhkəməyə gətirsinlər”.

Vəkil ikinci vəsatətində yeni şəxslərin şahid qismində dindirilməsini istəyib. “Bilirsiniz istintaq 1 ilə yaxın bir müddət davam edir. İşi aparan müstəntiq həmin şəxsləri şahidlər siyahısına daxil etməyib. Mən məhkəmə həmin şəxslərin adlarını təqdim edirəm. Bu şəxslər şahidlər siyahısına salınsın”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirib. O, çıxışında vəsatətin tam olaraq məzmunu əsaslandırılmayıb. Ona görə müdafiə tərəfinin vəsatəti baxılmamış saxlanılmasına məhkəmədən tələb edib.

Zərərçəkmiş hüquqi varisinin nümayəndəsi vəkil Ceyhun Yusifov isə vəsatətin baxılmamış saxlanılmasını istəyib. “Bilirsiniz, heç nə əsaslandırılmayıb. Gülməlidir. Bu şəxslər qondarma şahidlərdir. Onsuz ittiham aktı elə tərtib olunub ki, sanki bu şəxs iki nəfəri öldürməyib".

Hakimlər yerində müşavirə edərək, vəsatətə gələn proses baxılacağını bildirib.

Məhkəmə prosesi oktyabrın 26-a təyin edilib.

Qeyd edək ki, Qeyd edək ki, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid-Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2. 4ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.