Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Bu il hava şəraitinin taxılçılıq üçün əlverişli olması, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, keyfiyyətli toxum və üzvi gübrələrdən istifadə edilməsi Xaçmaz rayonunda taxıl istehsalının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Bununla yanaşı, taxıl biçininin optimal müddətdə və itkisiz həyata keçirilməsi məhsuldarlığa öz müsbət təsirini göstərib. Bunun nəticəsində rayonun tarixində ilk dəfə olaraq 104 min 157 ton taxıl biçilib. Bu, Xaçmaz rayonu üçün rekord göstəricidir. Biçilən taxılın 74 min 889 tonu buğda, 28 min 938 tonu isə arpa olub.
AZƏRTAC xəbər verir ki, bu barədə 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən yığıncağında məlumat verilib.
Hesabat məruzəsində diqqətə çatdırılıb ki, son doqquz ayda rayonda 1019-u daimi olmaqla, 1134 yeni iş yeri açılıb. Bu dövr ərzində rayon üzrə ümumi məhsul buraxılışı 302,5 milyon manat, sənaye məhsulunun həcmi 22,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi isə 178,7 milyon manat təşkil edib.
Bildirilib ki, hesabat dövründə əhalinin təbii qazla təchizatı sahəsində xeyli işlər görülüb. Bu ilin əvvəlindən rayonun 10 kəndi qazlaşdırılıb, 2 kənddə bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. İlin sonuna kimi daha 13 kəndin təbii qazla təminatı nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, “Azərişıq” Səhmdar Cəmiyyəti tərəfindən Xaçmazın elektrik sisteminin yenidən qurulması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Şəhərin Bakı prospektində 35 kilovoltluq yarımstansiya tikintisi artıq başa çatmaq üzrədir. Bundan başqa, Seyidlikəndyeri kəndi ərazisində daha bir 35 kilovoltluq yarımstansiyanın da tikintisi aparılır. Bu yarımstansiya Nabran istirahət zonasında həm əhalinin, həm də ərazidə fəaliyyət göstərən çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi dönüş yaradacaq.
Xaçmaz şəhərinin su və kanalizasiya sisteminin tikintisi işlərinə də başlanılıb. Hazırda şəhərə Gülalan kəndi istiqamətindən magistral borular, eləcə də şəhər ərazisində sistemli olaraq kanalizasiya xətləri çəkilir. Rayonun Niyazoba, Üçgün, Sayad kəndlərində və Xaçmaz şəhərinin yeni yaşayış massivində subartezian quyuları qazılıb. Sərkərli, Qımılqışlaq və Alekseyevka kəndlərində isə bu quyuların qazılması nəzərdə tutulub.
Yığıncaqda 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Xaçmaz rayonunda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, elektrik, təbii qaz, istilik və su təchizatı, kanalizasiya xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi, abadlıq-quruculuq tədbirləri və digər istiqamətlərdə böyükhəcmli işlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.