Avropa Liqasının III turunda "Monako"nun qonağı olacaq "Qarabağ" sonuncu məşqinə çıxıb. Hazırlıqdan yarım saat öncə - 21:30-da baş məşqçi Qurban Qurbanov və İbrahim Şehiç jurnalistlər önünə çıxıb:
Qurban Qurbanov: “Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindi. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.
İbrahim Şehiç: “Rəqib çox güclüdü. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdu. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdi. Ona görə də diqqətli olmalıyıq”.