Şərur, 22 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Əkinəyararlı torpaqların təyinatına uyğun istifadəsi, qorunması ərzaq bolluğunun yaradılmasına və ən əsası ətraf mühitin mühafizə edilməsinə əsaslı töhfə verir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətində inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə bu barədə danışılıb.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Səfər Hüseynov açaraq, əkinəyararlı torpaqlardan səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri İntizar Həziyev “Torpaqların qanunauyğun istifadəsi və mühafizəsi günün tələbidir” mövzusundakı çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Fərmanı ilə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək və torpaq idarəçiliyini təkmilləşdirmək məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarəti komitənin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Komitənin yeni funksiyalarının icrasında yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası ən vacib amillərdən biri hesab olunur. Bu baxımdan yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
İntizar Həziyev bildirib ki, torpaqlardan təyinatına uyğun olaraq istifadə edilməlidir. Yerli icra hakimiyyəti orqanları, torpaq mülkiyyətçiləri və istifadəçiləri, icarəçilər torpaq istifadəçiliyi sahəsindəki hüquq və vəzifələrini bilməklə yanaşı, həm də onlara düzgün və dönmədən əməl etməlidirlər. Torpaqların qanunauyğun istifadəsinə dair 2015-ci ilin sentyabr ayında muxtar respublikanın şəhər və rayonlarında komitənin müfəttişləri tərəfindən yoxlamalar aparılarkən müəyyən qanun pozuntularının olması bu məsələni aktuallaşdırır.
Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət haqqında danışan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasında torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları təsbit edilib. Dövlət mülkiyyətində olan torpaqlar dövlətin xüsusi mülkiyyətidir və onlar qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar istisna olmaqla, qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
Faiq Səfərov vurğulayıb ki, torpaqların özbaşına tutulması, yəni zəbt edilməsi qanunla qadağan olunur və bu əməli törətmiş şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələbləri ilə məsuliyyətə cəlb edilirlər. Torpaqların zəbt olunmasının qarşısını almayan cavabdeh şəxslər isə bu Məcəllənin müvafiq maddəsinə uyğun olaraq səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar.
Tədbirdə torpaq üzərində mülkiyyət hüququnun pozulmasına, onların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə, yerli icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə məsuliyyət barədə də geniş izahat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması günün tələbidir