Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harada çalışır, nə işlərlə məşğuldurlar...

Milli.Az xəbər verir ki, modern.az saytı "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız tanınmış türkoloq alim, filologioya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun oğlu Tengiz Cəlilov barəsindədir.

Firudin Cəlilov ki, 1992-ci ildə Azərbaycan Respublikası baş nazirinin müavini, 1993-cü ildə Azərbaycanın təhsili naziri vəzifələrində çalışıb.
6 may 1947-ci ildə Qərbi Azərbaycanın Vedibasar bölgəsində doğulmuş F.Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsində təhsil alıb. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləyib.
F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazıb, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunub. Türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilib. O, təhsil sahəsində apardığı islahatlara görə akademik Yusif Məmmədəliyev adına ödül alıb.

Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən "Varlıq" təşkilatının qurucusu, leqal fəaliyyətdə olan "Cənlibel" təşkilatı tədbirlərinin iştirakçısı, "Dirçəliş günü" kimi tarixə düşən 17 noyabr-4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, "Qarabağa Xalq Yardımı komitəsi"nin qurucularından biri və respublikada ilk demokratik ruhlu "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü, "Dövlət Əlifba komissiyası"nın (1990) rəhbəri olub.

F.Cəlilov 1990-da millət vəkili seçilib, Milli Məclisdə Elm, təhsil və mədəniyət komissiyasının sədri olub. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış "Təhsil qanunu" (1993), o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunub.
Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
18 may 1992-ci ildə Azərbaycan Respublikası baş nazirinin müavini təyin edilib.
12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib. 2 sentyabr 1993-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq həmin vəzifədən azad edilib.
9 cildlik ("Doqquz bitik") "Azərbaycan türklərinin islamaqədər tarixi" əsərini yazıb. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunub. Hazırda türkologiya sahəsində araşdırmaçı alim kimi fəaliyyətini davam etdirir.
Ailəlidir, iki oğlu var.

Firudin Cəlilovun oğlu Tengiz Cəlilov 17 noyabr 1983-cü il tarixində anadan olub. Bakı şəhəri 267 saylı orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetinin məzunudur.

2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 2006-cı illərdə bu ali məktəbi damar cərrahı ixtisası üzrə bitirib.

2002-2006-cı illərdə Musa Nağıyev adına Təcilli Tibbi Yardım xəstəxanasında çalışıb.

2006-cı ildə Moskvadakı Bakurev adına Ürək-damar Cərrahiyyəsi Elmi Araşdırma İnstitutuna qəbul olunub. İki il burada ordinatura keçib. Ordinaturanı bitirib həmin yerdə arterial patologiya şöbəsinə aspirant kimi qəbul olunub. 2010-cu ildə aspiranturanı bitirib vətənə dönüb.

2010-2012-ci illərdə Bakıdakı "Oksigen" klinikasında damar cərrahı işləyib.

2013-2014-cü illərdə Mərkəzi Gömrük Xəstəxanasında işləyib. 2014-cü ildən "Baku Medical Plaza" özəl klinikasında damar cərrahı kimi fəaliyyətini davam etdirir.

Tengiz Cəlilov 2008-ci ildə ailə həyatı qurub, bir oğlu var.

Milli.Az

Məşhurların övladları: Firudin Cəlilovun cərrah oğlu - FOTO
Məşhurların övladları: Firudin Cəlilovun cərrah oğlu - FOTO