Bakı, 25 oktyabr, Ceyhun Alışov, AZƏRTAC
Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, "Bakı Caz Festivalı - 2015"in Heydər Əliyev Sarayında keçirilən açılış konserti böyük tamaşaçı auditoriyası toplayıb.
Festivalı açıq elan edən tanınmış telejurnalist Rahib Azəri festivalın proqramı barədə məlumat verərək bildirib ki, festival çərçivəsində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Azərbaycanın tanınmış caz ifaçılarından olan Salman Qəmbərov, Cəmil Əmirov, Elçin Şirinov, Zaur Mirzəyev və digər istedadlı gənc caz musiqiçiləri də festival çərçivəsində solo proqramlarla çıxış edəcəklər.
Bildirilib ki, festival çərçivəsində təşkil olunacaq konsertlər Heydər Əliyev Sarayında, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, Dövlət Mahnı Teatrında musiqisevərlərə təqdim olunacaq.
Daha sonra məşhur caz pianoçusu və bəstəkarı Diana Kral festivalın ilk konsertini təqdim etmək üçün səhnəyə dəvət olunub. Böyük tamaşaçı alqışı ilə qarşılanan cazmen qonaqları xoş sözlərlə salamlayıb və onları əsl festival konsertinə tamaşa etməyə dəvət edib.
Gecədə Diana Kralın ifasında təqdim olunan müxtəlif klassik caz musiqi nömrələri tamaşılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, festivalı noyabrın 3-dək davam edəcək.
