İran Azərbaycandan və Türkmənistandan Avropaya qaz nəql edə bilər. Trend IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bəyan edib.
O qeyd edib: "Təklifimiz İranın Türkmənistan və Azərbaycan qazını alıb sonradan onu Türkiyə vasitəsilə Avropaya ixrac etməkdən ibarətdir. Çünki belə marşrut qazın Avropaya ötürülməsi üçün daha sərfəlidir”.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
Ə.Ramazaninin sözlərinə görə, siyasi əngəllər aradan qaldırıldıqdan sonra layihə üçün müvafiq infrastrukturun hazırlanmasına başlamaq olar.
O əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəməri ilə Azərbaycan vasitəsilə ixracı üzrə hazırkı plan bahalı və əlverişsiz olacaq.
Direktor qeyd edib ki, Avropa ölkələri siyasi motivlərlə əlaqədar İran qazını idxal etmək istəmirlər, amma Avropa parlamentləri artıq bu məsələni müzakirə edirlər.
NİCG İranın elektrik stansiyalarına, sənaye və kommersiya obyektlərinə, habelə əhalisinə təbii qazın nəqli və paylanması ilə məşğuldur. İran, həmçinin 30 min kilometr uzunluğunda yüksək təzyiqli qaz kəmərləri şəbəkəsinə malikdir və bu sahədə dünyada ən böyük göstəriciyə malikdir. Hələlik Azərbaycan və Türkmənistan rəsmiləri İranın təklifinə reaksiya verməyiblər.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
Virtualaz.org bildirir ki, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi uzun illərdir mövcuddur. Bu layihəni ABŞ və Avropa İttifaqı dəstəkləyir. Lakin layihənin həyata keçirilməsi baxımından ciddi siyasi əngəllər var. İran və Rusiya dəfələrlə bildiriblər ki, Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə “ekoloji risklərə görə” qarşı çıxırlar. Ötən həftə Azərbaycan, Türkmənistan və Türkiyə enerji rəsmiləri Aşqabadda Transxəzər layihəsinə dair müzakirə aparıblar.
İranın nüvə proqramlarına görə Qərb bu ölkə ilə enerji əməkdaşlığına məhdudiyyət qoyub. Bu səbəbdən İran qazının Avropa bazarlarına çıxışı hələlik siyasi səbəblərə görə mümkün deyil. Lakin ABŞ və Qərb ölkələri İranla nüvə proqramlarına dair anlaşma əldə etsə, vəziyyət radikal şəkildə dəyişə bilər. Bu halda İranın nəhəng qaz ehtiyatları Avropa üçün açılardı.
İran qazının Avropaya nəqli üçün Türkiyə dəhlizindən istifadə mümkündür. Türkiyə rəsmiləri indidən bu varianta hazırlaşırlar və deyirlər ki, gələcəkdə İrandan Avropaya qaz nəqli Türkiyənin enerji dəhlizi kimi statusunu daha da artıracaq.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan neftinin İran üzərindən nəqli ideyası olsa da, geosiyasi baxımdan bu ideya baş tutmadı və Bakı-Tiflis-Ceyhan marşrutu seçildi. Hərçənd ki, Azərbaycanın əsas ixrac neft kəmərinin İrandan keçməsi daha ucuz başa gələ bilərdi.
...Tehranın Azərbaycana yeni təklifləri "mavi yanacaq"la məhdudlaşmır. İranın iqtisadi və maliyyə məsələləri üzrə naziri Əli Tayebina Bakıda olarkən qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtinanı təklif edib.
"Ölkəmiz ABŞ dollarından çoxdan imtina edib. Azərbaycanla ticari əməliyyatlarda da milli valyutalardan yararlana bilərik. İranla başqa ölkələrlə kommersiya münasibətlərində həmin dövlətlərin milli valyutalarından istifadə olunur. Bu təcrübəni davam etdirmək fikrindəyik. Bankinq sahəsində Azərbaycanla daha intensiv əməkdaşlıq etmək istəyirik", - Talebnia söyləyib.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
İranlı nazirin təklifi ilk baxışdan cazibədar təsir bağışlayır, çünki iki dövlət arasındakı hesablaşmalarda manatla rial olarsa, üçüncü dövlətin valyutasına ehtiyac qalmaz. İlk baxışdan "manat-rial" tədavülü maraqlı və perspektiv görünə bilər.
Amma sadəcə, ilk baxışdan.
Tehranın məqsədi Azərbaycanla ticari əlaqələri inkişaf etdirməklə yanaşı, neft-qaz satışlarından əldə etdiyi pulları sanksiyalardan qorumaq, üçüncü dövlətlərə və ya investisiyalara daha rahat şəkildə yönəltmək, habelə gəlirlərini ABŞ-ın istənilən formada təzyiqlərindən, yaxud da təsirlərindən hifz etməkdir.
Bununla yanaşı, İran təbii qazını Avropa Birliyi ölkələrinə çıxarmaq üçün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən, əlləxüsus da TANAP-dan faydalanmağa çalışır. Eyni zamanda, alternativ variantlar da var.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
İranın Milli Qaz şirkətinin beynəlxalq şöbəsinin rəhbəri Əzizulla Ramazani daha açıq danışıb. O, İRNA agentliyinin reportyoru ilə söhbətində bildirib ki, Tehran xüsusi plan hazırlayaraq Azərbaycan və Türkmənistanın qazını öz ərazisinə nəql etmək, sonra da "mavi yanacağı" Türkiyədən keçirərək Avropaya ötürmək istəyir: "Bu plan mövcud marşrutlar arasında ən sərfəlisi, qənaətlisidir".
İran hazırda Azərbaycandan sutkada 1 milyon kubmetr qaz alır. Bu qaz Tehranın Naxçıvana ötürdüyü "mavi yanacaq" üçün Bakıdan yönəldilən svop nəqldir.
İran rəsmilərinin də məqsədi svop qaz nəqlinin həcmini artırmağa yönəlmiş layihələr yox, Azərbaycandan alınaraq sonradan dünya bazarına, konkret halda Avropa Birliyinə çıxarılmaq üçün təbii qazı akkumulyasiya etməkdir.
Və bu, yenə də ABŞ-ın rəhbərliyi ilə Tehrana qarşı yürüdülən sanksiyalar çəmbərini dələrək Avropaya təbii qaz nəqli vasitəsilə İranın dövlət büdcəsinin enerjidaşıyıcılarının nəqlindən əldə etdiyi gəlirləri artırmaq, ödənişlərdə dollar əvəzinə avrodan istifadə etmək və ən başlıcası, embarqonu yararaq Avropadan zəruri texnika ilə avadanlığı almaq üçün imkanlar qazanmaqdır.
İran Avropa ilə bahəm, tam əks istiqamətdə - Şərqə doğru da hərəkət edir.

Qaz vursaq, İranın qazanı dolacaq, yoxsa bizim?
Hazırda İrandan İraqın Bəsrə limanına sutkada 35 milyon, paytaxt Bağdada isə 4 milyon kubmetr təbii qazın nəqli ilə bağlı danışıqlar aparılır. Tehran bu həcmi perspektivdə sutkada 70 milyon kubmetrə çıxarmağı düşünür.
Təbii qaz nəqli ilə bağlı İranla İraq arasında 2013-cü ildə imzalanmış anlaşmanın məbləği 3,7 milyard dollar olduğundan, sözügedən rəqəm Tehranı təmin etmir.
İran Omana sutkada 28-30 milyon kubmetr qaz satmağa hazır olduğunu da bildirib.
İran Milli Qaz Şirkətinin direktoru Həmidrza Əraqinin son bəyanatlarından birində isə Tehranın gerçək planlarından bəhs olunub. Əraqinin sözlərinə görə, İrana qarşı Qərbin sanksiyaları əsla zəifləməsə belə, Tehran 2017-ci ilədək təbii qaz hasilatı ilə satışını ən azı 2 dəfə artırmaqda qərarlıdır.
Tehran "mavi yanacaq sanksiyalara qarşı" adlana biləcək strateji planlarında və yeni marşrutlarla Avropa ilə Asiyadakı potensial müştərilərinin cəlb olunmasına yönəlmiş planlarında Bakıya əlahiddə yer ayırıb.
Amma bu yer bizə yaxşı nə vəd edir - bilinmir, çünki Tehran həmişə olduğu kimi, gerçək məqsədlərini çoxsaylı bəyanatlar, çıxışlar, vədlər və şirnikləndirici təkliflər layları arxasında məharətlə pərdələyir.
Elçin Alıoğlu
Milli.Az