Bakı, 28 oktyabr, AZƏRTAC
Yaponiya şirkətləri Azərbaycanda həyata keçirilən enerji və neft-qaz, neft-kimya layihələrində iştirakda maraqlıdırlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.
SOCAR haqqında məlumat verən R.Abdullayev bildirib ki, Yaponiyanın “İtochu” və “İnpex” şirkətləri 1994-cü ildən “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihələrində iştirak ediblər. Həmçinin SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisində “İtochu” şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açılıb, Azərbaycanda reallaşdırılması nəzərdə tutulan Neft-Qaz emalı və Neft-Kimya kompleksi (NQNK) layihəsi barədə məlumat verilib.
Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində böyük nailiyyətlərin əldə olunduğunu müşahidə etdiyini vurğulayıb. ACG və BTC layihələrində uğurlu iştirakında dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən nazir, Azərbaycanda həyata keçirilən bir sıra enerji və neft-qaz, neft-kimya layihələrində yapon şirkətlərinin maraqlı olduğunu və hökumətin bu layihələrdə şirkətləri dəstəklədiyini bildirib.
“İnpex” şirkətinin baş icraçı vitse-prezidenti Seici Yui, “İtochu” şirkətinin icraçı rəhbəri Hiroyuki Fukano təmsil etdikləri şirkətlər haqqında məlumat verib, Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Sonda tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.