Qəbələ, 30 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayon ictimaiyyətinin nümayəndələri təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə və yanğınsöndürmə avadanlıqlarından istifadə, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması məsələləri ilə bağlı geniş məlumatlandırılır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə nazirliyin Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə hallar sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyasının qurulmasına dair “dəyirmi masa” təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və FHN regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd və qəsəbə inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
“Dəyirmi masa”da FHN-in Şimal-Qərb Regional Mərkəzi ilə Qəbələ rayonunda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb. Təbii, texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə və yanğınsöndürmə avadanlıqlarından istifadə edilməsinə, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb, onların sualları cavablandırılıb.