Bakı, 30 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.az" jurnalının növbəti iki nömrəsi işıq üzü görüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nəşrin adı da, konsepsiyası da tamamən yenilənib, yeni simada, yeni məzmunda, yeni tərtibatda təqdim olunub. Belə ki, iyun nömrəsindən etibarən İSSN (Beynəlxalq Standart Seriya Nömrəsi) 2413-2365 kodu ilə işıq üzü görən "Mədəniyyət.AZ" jurnalı oxucuların görüşünə maraqlı mövzularla gəlib.
Jurnalın altıncı nömrəsində oxucular I Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri haqqında yazıları oxuyarkən bir daha vətənimizlə qürur duyacaq, bu dünya miqyaslı tədbir zamanı mədəniyyət və turizm nazirliyinin keçirdiyi tədbirlər xatırlanacaq, gənc yazarlarımızın yanaşması və əcnəbi turistlərin, media nümayəndələrinin fikirləri ilə qarşılaşacaq, dünya şöhrətli muğamımızın səsi ilə bir daha salamlaşacaq, yubileyi keçirilən sənətkarlarımızın həyat və sənət hesabatlarına şahidlik edəcəklər. Jurnalın yeddinci sayında isə Şəki "İpək yolu" və Qəbələ Musiqi festivalları çərçivəsində əsərləri səslənən istedadlı musiqiçi Cahangir Qarayevə həsr olunan məqalələr, tariximizin qəhrəmanlıq və matəm səhifələrini andıran yazılar, mətbuatımızın 140 illik yubileyi çərçivəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlər, AzTV-nin "Məclisi-üns" verilişinə bir baxış, Seyid Əzim Şirvanı yadigarları, ilk professional qadın bəstəkarımız Ədilə xanım Hüseynzadə, unudulmaz Vasif Adıgözəlov, gözəl alimimiz Tofiq İsmayılov, heykəltəraş Cəlal Qaryağdı haqqında məqalələr, ölkəmizi uzaq Nyu-Yorkda təmsil edən mədəniyyət mərkəzimiz barədə qeydlər, elmdə, artıq öz sözünü demiş və ilk addımlarını atan həm yerli, həm əcnəbi alimlərin araşdırmaları, ölkəmizi tanıdan infoturlar barədə bir-birindən maraqlı yazılar yer alıb.
Qeyd edək ki, jurnalın növbəti saylar da hazırlıq prosesindədir.
“Mədəniyyət.AZ” jurnalının növbəti nömrələri işıq üzü görüb
“Mədəniyyət.AZ” jurnalının növbəti nömrələri işıq üzü görüb
“Mədəniyyət.AZ” jurnalının növbəti nömrələri işıq üzü görüb